Ana Səhifə İqtisadiyyat TIXACA DÜŞƏN ÖLKƏ

TIXACA DÜŞƏN ÖLKƏ

147

Yaxud, Paytaxtı yox, idarəçiliyi dəyişmək lazımdı

Son zamnalar paytaxtın köçürülməsiylə bağlı fikirlərə tez-tez rast gəlirik. Əlbəttə, Bakı bu qədər insan sıxlığına cavab vermir, nə qədər yol çəkilsə, körpü salınsa da acınacaqlı vəziyyətdən xilas ola bilmirik. Getdiyimiz yol da, udduğumuz hava da problem yaradır. Hətta ÜST- də Bakının havasını pis qiymətləndirir.
Amma bütün bunlar nəticədir, səbəblərlə mübarizə aparılmalıdır. İlk növbədə paytaxt yox, mövcud idarəçilik təfəkkürü köçürülüb, zibilliyə atılmalıdır. Bakını bu vəziyyətə acgözlük, yarıtmazlıq, ölkəyə obyekt kimi baxmaq düşüncəsi saldı.

Daha çox qazanmaq üçün “navastroyka qəbristanlığı” salındı və şəhərin nəfəsi kəsildi, yaşıllıq məhv oldu. Bütün tikintilər plansız oldu, tamah o qədər şişdi ki, dəniz kənarlarını, hətta dənizin özünü də işğal etdilər.
Digər səbəb sosial-iqtisadi cəhənnəmdir. Kəndi işğal edilmiş vətəndaşla, kəndi işğal edilməmiş vətəndaşın fərqi yoxdur. Ağdam, Şuşa, Laçın, Cəbrayıl sakinləri kimi, Şəki, Lənkəran, Lerik, Kürdəmir sakini də Bakıya üz tutub. Çünki bölgələrdə həyat rəngi yoxdur. 30 il müddətində kəndlərə yaşamaq üçün stimul daşınmadı. Qabaqcıl ölkələrin təcrübəsindən yararlanmadı. Əksinə, rayonların, kəndlərin də yaxşı yerləri iri və orta vəzifəlilərin işğalına məruz qaldı. İnhisarçılıq kəndçinin əl-qolunu soyutdu. Məhsulu bazara çıxarmaqdan tutmuş, su təminatına qədər hər addımda maneələr yaradıldı. İcra hakimiyyətləri, bələdiyyələr öz missiyasını həyata keçirmədi. Nəticədə ucqarlardan paytaxta axın başladı. Adamlar paytaxtda dolanışıq üçün imkanlar tapacaqlarına ümid etdilər. Bakıya ən yaxın olan rayonların kəndlərində də boşluqdu. Hələ də qazı, suyu olmayan kəndlər var.
Səbəbləri sadalamağa davam edə bilərik. Amma yazı çox böyük alınar. Qısası budur ki, idarəçiliyin cəhənnəm yaratma ənənəsi davam etdikcə, hər şey pisləşməyə doğru davam edəcək. Bu gün işğaldan azad olunmuş ərazilərə qaytarılan insanlar da geri qayıtmağa məcbur olacaqlar. Evlərini qıfıllayıb, iş dalınca Bakıya gələcəklər. Çünki qeyri-neft iqtisadiyyatımız “koma”dadır. Çünki bütün sahələr “xəstəliyə” yoluxdurulub. Daimi iş yerləri, vətəndaşı həyatdan zövq almağa sövq edən təsisatlar yoxdur.
Yəni, problemi kökündən həll etmək üçün, ölkədə kök salmış avtoritar zehniyyətdən xilas olmaq lazımdır. Şəhərə, şəhərsalmaya acgöz məmurlarən yox, dövlət babanın gözüylə baxmaq lazımdır.

Qara Kəndli