Çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq Madrid Sammitinə qədər NATO-nun genişlənməsi məsələsini həll etmək üçün Brüsseldə Türkiyə, Finlandiya və İsveç rəsmiləri ilə görüş keçirəcəyini bildirib.
ABŞ Dövlət Departamentində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında çıxış edən Stoltenberq İsveç və Finlandiyanın NATO-ya daxil olmaq barədə müraciətlərini “tarixi müraciət” adlandırıb, bu barədə Turan-ın müxbiri xəbər verib.
Putin Ukraynaya qarşı müharibəyə başlamaqla və Ukrayna xalqının gücünü və NATO-nun birliyini yetərincə qiymətləndirməməklə strateji səhvə yol verib. “Putin daha kiçik NATO istəyirdi, amma daha böyük NATO əldə edir”, deyə o bildirib.
Stoltenberq həmçinin Rusiyaya qarşı sanksiyalar həyata keçirən müttəfiqlərin və tərəfdaşların birliyini qeyd edib, Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
“Putin müharibəni udsa, bizim ödəməli olduğumuz qiymət hazırda Ukraynaya dəstək üçün yatıracağımız vəsaitdən daha yüksək olacaq”, deyə o qeyd edib.