Bizim pullu, vəzifəli yazıçılar və bu qəbildən olan digər adamlar ətraflarına bir dəstə yaltaq, təlxək yığıb özlərinə məclislərdə, qəzetlərdə, jurnallarda yağlı təriflər vurdururlar. Ətraflarına yığdıqları yaltaqlara beşdən-üçdən verib özləri haqqında tərifli yazılar, tərifli kitablar yazdırırlar. Tərifli yazılardan, kitablardan həzz alırlar. Onları haradasa başa düşmək mümkündür. Bu fani dünyanı hərə öz üslubuna uyğun olaraq birtəhər yola verməlidir.
Müdrik Monteskyönun təbirincə desək, şöhrətpərəstlik insanın ən ibtidai, təbii tələbatlarından biridir. Ətrafına təlxək, yaltaq yığıb özünə tərif vurdurmaq isə öz növbəsində, miskin şöhrətpərəstliyin ən miskin təzahürüdür. Bu mənada ətraflarına təlxək, yaltaq yığıb özlərinə tərif vurduran adamları başa düşməliyik. Onlara qarşı tolerant olmalıyıq. Onlar öz təbii, ibtidai tələbatlarını ödəmək istəyirlər. Amma bu məsələnin təhlükəli tərəfi də var. Məsələnin təhlükəli tərəfi ondan ibarətdir ki, onlar yaltaqların təriflərinə, doğurdan da, inanırlar. Reallıq hissini tamam itirirlər.
Tərif çox təhlükəli şeydir. Hətta sağlam düşüncəli insanları belə asanlıqla yoldan çıxarır. Hər adam tərifin qarşısında dayanmağı bacarmır. İnsan özünü hər zaman, bütün şəraitlərdə, xüsusən yaltaq adamların təriflərindən qorumalıdır. Bunun ən asan yolu yaltaq adamları, ümumiyyətlə, yaxına buraxmamaqdır. Yəni loru dildə ifadə etsək, tərifin kim tərəfindən deyilməsi çox vacib şərtdir. Məsələn, Azərbaycanda elə adamlar var ki, onlar haqqımda tərifli sözlər desələr, papağımı qarşıma qoyub düşünərəm və bu suala cavab tapmağa çalışaram: Görəsən, harada səhv etmişəm, hansı səhv addımı atmışam ki, bu adam haqqımda tərifli sözlər deyibdi…
Yaxınlarda kulis.az saytında gənc yazıçılara tövsiyələrimi vermişdim: “Azərbaycan ədəbiyyatında xeyli əsərlər var ki, üstündə təzədən işləyib asanlıqla “özəlləşdirmək” olar. Xeyli əsər özəlləşdirilməsi üçün oturub zülm-zülm ağlayır. Xeyli əsər oturub səbirsizliklə öz müştərisinin yolun gözləyir. Məsələn, Elçinin “Baş” romanını asanlıqla özəlləşdirib, orasına-burasına bir az əl gəzdirib “Xaş” adıyla rahatlıqla nəşr etmək mümkündür. Yaxud olsun Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı. Məsəl üçün dedim. Xammal, hazır mətn nə qədər bayağı olarsa, üstündə işləmək, onu özəlləşdirmək bir o qədər rahat və asan olur. Hər kəs üstündə işləyəcəyi mətni özü seçməlidir, xammalı özü tapmalıdır. Bizim gənc yazıçılar özlərini çox əziyyətə salırlar. Niyə özünüzü bu qədər əziyyətə salırsınız? Hazır nə qədər roman, povest, hekayələr var. Götürün orasına-burasına bir az əl gəzdirin, öz romanınız, povestiniz, hekayəniz kimi nəşr edin. Neçə adama bu məsləhəti vermişəm. Nədənsə hələ ki, bu məsləhəti eşidən yoxdur. Bilmirəm onlara nə mane olur? Ya qorxurlar, ya da təcrübə çatışmır, bu işin yolun-yolağasın bilmirlər. Müxtəsər, fürsətdən istifadə edib gənc yazıçılarımıza xaricə ədəbiyyatdan daha çox yerli ədəbiyyatı oxumağı tövsiyə edirəm. Bununla bir daşla bir neçə quş vuracaqlar. Həm dili öyrənəcəklər, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi ilə tanış olacaqlar, həm də özəlləşdirmək, üstündə işləmək üçün hazır mətnlər, xammallar tapacaqlar”.
Yuxarıda adı çəkilən şəxslərdən biri heç ərinməyib, götürüb mənə palaz boyda cavab yazıb. Onun haqqında müxtəlif vaxtlarda, müxtəlif adamlar tərəfindən yazılmış tərifli tostları cavab yazısına doldurub. Demək istəyib ki, mənim yaradıcılığım haqqında nə qədər adam yazılar, kitablar yazıblar. Nə qədər adam mənim yaradıcılığıma yüksək qiymət veriblər. Sən kimsən mənim yaradıcılığımı bəyənmirsən? İndi bu şəxsə necə başa salasan ki, o tərifli yazılar, o tərifli kitablar sənin yaradıcılığın haqqında yazılmayıb. Məhz sənin vəzifən haqqında yazılıb. Başa sala bilməzsən. Mümkün deyil. Variant yoxdu. Buna baxmayaraq yenə də bir cəhd edək. Sual olunur əgər tərifli yazılar, tərifli kitablar, həqiqətən də, sənin yaradıcılığın haqqında yazılıbsa, bəs, görəsən, işdən çıxarılandan, vəzifəni itirənd2ən sonra niyə haqqında tərifli kitablar, yazılar yazılmır?
Seymur Baycan