İlham Hüseyin
Şərq dünyasının qaranlığa bürünməsinin, Qərb dünyasının inkişaf şossesinə çıxmasının dərin səbəbləri var. 16-cı əsrdən sonra Şərq dünyası axsadı və finişə çata bilmədi. Məsələn, 10-cu əsrdə Bağdad kitabxanasında 100 min nüsxə elmi əlyazma var idi. Amma 14-cü əsrdə Sarbonna kitabxanasında cəmi 2000 nüsxə elmi əlyazma var idi.
Yaxud, Misirdə 10-cu əsrdə kağızdan istifadə edirdilər, amma Avropada kağızdan istifadə 1146-cı ilə təsadüf edir. Ümumiyyətlə, riyaziyyat, astronomiya, fəlsəfə, kimya, coğrafiya, həndəsə, tibb, musiqi və digər elm sahələri 16-cı əsrə qədər Şərq dünyasında təşəkkül tapmışdı. Amma görünən budur ki, xurafat, elmin institutsional əsaslarının yaradılmaması, düşüncə atavizminə sürüklənmə Şərqi laxlatdı, ətalətə saldı. İndi İsrail-Fələstin nümunəsində 100 il davam edən bu yaranın kökləri də ideoloji viruslara, anti-insani ənənələrə, şüur defisitinə söykənir. Bu illər ərzində hər iki tərəfdən saysız-hesabsız insan taleləri məhv olub, qan dayanmayıb, bölgə siyasi oyunlara alət olub və.s
Hesab edirəm ki, dünyanın hansı nöqtəsində terror yuvası varsa, məhv edilməli, bəşəriyyət bu yaradan qurtulmalıdır. Terrorla mübarizə siyasi marağın yox, insanlığa marağın üzərində qurulmalıdır. 21-ci əsrdə səngərləri masalar, silahları sözlər əvəzləməlidir. İnsan cəngəllik sakini olmadğını, yaranmışların ən alisi olduğunu hər fütsətdə göstərməlidir. Konkret məlum məsələyə gəlincə, həm İsrailin, həm Fələstinin suverenliyi bütün dünya tərəfindən tanınmalı, bu razılığa imza atmayan istənilən dövlət terrorun dəstəkçisi hesab edilməlidir.