Ukraynaya verilən iki Bayrakdardan sonra iki türk gəmisi hədəf oldu

Rusiya Xerson limanına endirdiyi zərbələrlə iki Türkiyə gəmisini sıradan çıxarıb.  Bu hadisə Türkiyə və Rusiya arasında hər hansı gərginliyə səbəb olacaqmı?- sualı aktuallaşmaqdadır. Əlbəttə, Kreml bu olayın arxasında xüsusi məqsədin durmadığını bəyan edə bilər. Amma Ukrayna limanlarında Türkiyə gəmilərinin olduğunu bilməmək mümkün deyil. Belə ki, Türkiyə Rusiya ilə də imzalanmış bir anlaşma ilə Ukraynadan taxıl daşımaqla mükəlləfdir. Bununla belə Ukrayna limanları Türkiyə gəmiləri üçün təbii güzərgahdır. Rusiya bu zərbələri Türkiyə gımilərinəmi endirdi, yoxsa Türkiyə ilə qurmaq istədiyi münasibətlərəmi? Yaxud Türkiyə ilə NATO-nun münasibətlərini korlamaq üçün qurduğu tələlərəmi?

Türkiyə hansı reaksiyanı verəcək?

Türkiyənin bu hadisəyə verəcəyi reaksiya çox maraqlıdır. Həm də Türkiyədə və NATO ölkələrində İsveçdə Quranın yandırılması provakasiyasına son dərəcə sərt reaksiya verən Türkiyə hökumətinin iki gəminin vurulmasına hansı müqnsibəti sərgiləyəcəyinə diqqət kəsiləcəklər. Burada aşkar hərbi müdaxilədən söhbət getdiyi halda Ankaranın Kremlin açıqlamalarından razı qalıb qalmayacağı hər kəs üçün maraqlıdır. Əgər İsveç hökumətinin bəyanını qəbul etməyən Türkiyə iqtidarı Moskvadan gələcək hər hansı üzrxahlıqla məsələnin üstündən keçsə, bu beynəlxalq müstəvidə və yerli siyasi camiədə ciddi suallar və müzakirələr yaradacaq. Bununla belə hələ ki, Rusiyadan və Türkiyədən bir açıqlama yoxdur.

NATO-ya hücum kimi qiymətləndirmək olarmı?

Əlbəttə, baş verənlər Türkiyə ərazisində olmadığı üçün bunu NATO-ya hücum kimi qiymətləndirmək çətin olacaq. Ancaq unutmaq olmaz ki, Türkiyə bir neçə gün öncə Ukraynaya iki “Bayraktar” hədiyyə etmişdi. Rusiyanın buna müqabil olaraq Türkiyənin iki gəmisni hədəf alması da ehtimallar içərisindədir. Bu mənada Türkiyənin bundan sonra verəcəyi qərar və atacağı addım həm müharibənin həm də NATO-nun genişlənməsi məsələsinin gələcəyində mühüm rol oynaya bilər.

Politfm.com