İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Avropa Hərəkatının prezidenti, ictimai fəal Ramin Hacılının məhkəməsi davam edib.
Məhkəmə iclası başlayan kimi onun vəkili Rəşad Əliyev məhkəməyə vəsatət təqdim etdi.
Vəkil vəsatətində qeyd etdi ki, Ramin Hacılının ətrafında mütəşəkkil dəstə olduğu görüntüsü yaratmaq üçün istintaq orqanı onu adları çəkilən və istintaqı hələ də davam edən digər şəxslərlə əlaqələndirib. O, Ramin Hacılının işinin həmin dəstədən ayrılmasını istədi. Hakim vəsatəti baxılmamış saxladı.
Sonra Ramin Hacılı məhkəməyə iki vəsatət təqdim etdi. Birinci vəsatət cinayət işi materiallarının ibtidai istintaqa qaytarılmasıyla bağlı idi. İkincisi barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz edilməsinə dair idi. Hakim vəsatətlərin heç birini təmin etmədi. Bundan sonra Ramin Hacılı məhkəmə tərkibinə etiraz etdi, hakim vəsatəti baxılmamış saxladı.
Ramin Hacılı ayağa qalxaraq “Hüquqlarımı pozduğunuz üçün mən bu gündən quru aclığa başlayıram və bunu buradan bəyan edirəm”, – dedi.
Sonra məhkəmə zalına şahid qismində ifadə vermək üçün Azər Əliyev dəvət olundu. Hakim ona sərbəst ifadə verməyi təklif etdi.
Azər Əliyev ifadəsində göstərdi ki, 2018-ci ildə işləmək üçün Kanadaya getmək istəyib və buna görə Ramin Hacılıya hissə-hissə 22 min manat verib. Şahidin sözlərinə görə, ictimai fəal bunun qarşılığında ona Kanadaya getməyə viza alacağını vəd edib. Ancaq bildirib ki, birbaşa Kanadaya viza almaq çətin olacaq, ona görə də ilkin olaraq Avropa Birliyinə üzv ölkələrdən birinə səfər etməlidir. Azər Əliyev bundan sonra Ramin Hacılının ona şengen vizası aldığını, amma o həmin vaxt ictimai fəalın həbs olunduğunu və səfər xərclərini özü çəkdiyini bildirib. O, sonradan Kanadaya getmək fikrindən daşındığını, Ramin Hacılıdan pulunu geri istədiyini söylədi.
“Mən evimi satıb bu adama vermişdim, bu adamın başıma açdığı oyunların üzündən ailəm dağıldı, rəsmi boşandıq, sonradan həyat yoldaşımla zorla barışa bildim. Mən bu adamın üzündən nələr yaşadım, hələ də yaşamaqdayam”, – A.Əliyev ifadəsində dedi.
Sonra o üzünü Ramin Hacılıya tutdu: “Sənin üzündən hələ də kirayələrdə qalıram. Elə ki adamlar pulunu tələb etməyə gəlirdi, ortadan itirdin, söz buraxırdın ki, guya həbs olunmusan, ara sakitləşəndən sonra yenə ortalığa çıxırdın. Məni müflis eləmisən, kirayələrdə qoymusan, qaçıb həbsə girməklə canını qurtara bilməzsən, onsuz da mən o pulu səndən gec-tez alacağam, verməyəcəksən, öldürəcəm”.
Ramin Hacılı ona belə cavab verdi: “Sən əvvəllər belə danışmırdın, səni bura öyrədib göndəriblər”.
Bu cavab şahidi özündən çıxartdı: “Məni bura heç kim öyrədib göndərməyib, məni bu dərəcəyə sən çatdırmısan. 4-5 ildir ki, məni dalınca salmısan, bir dəfə sənə dedim vəziyyətim ağırdır, pulumu qaytar, dedin ki, gecəylə də olsa göndərəcəm. Gecə mənə pul göndərdin – 100 manat. Sanki sənin dilənçin idim. Məni özümdən belə hərəkətlərin çıxartdı”.
Bundan sonra tərəflər arasında mübahisə düşdü. Hakim şahiddən zaldan çıxmasını tələb etdi. Ramin Hacılı isə “şahidə suallarım var” dedi. Hakim onun sual verməsinə imkan yaratmadı.
Növbəti şahid zala dəvət edildi. Bu zaman Ramin Hacılı qışqıraraq şüşə qəfəsi yumruqlamağa və qışqırmağa başladı. Hakim nəzarətçilərdən təqsirləndirilən şəxsi zaldan çıxarmalarını tələb etdi. Ramin Hacılı məhkəmə zalından çıxarılandan sonra məhkəmə iclası növbəti şahid Pənah Hüseynlinin ifadəsiylə davam etdi. Pənah Hüseynli ifadəsində göstərdi ki, 2016-cı ilin yayında Amerikaya təhsil vizası almaqda kömək etməsi üçün Ramin Hacılıya müraciət edib və ona 800 dollar verib. Ancaq gedə bilmədiyi üçün pulunu geri qaytarıb.
Məhkəmə iclası iyunun 29-da davam edəcək.
İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Ramin Hacılı ittihamları qəbul etməyib, o, hələ məhkəmədə sərbəst ifadə verməyib.