Ana Səhifə Manşet Qrossmeyster

Qrossmeyster

7

Dünən səhər saatlarında İsrail alovlanandan sonra məlumat yayıldı ki, Bayden Konqresdən Ukrayna üçün 100 milyard dollar istəyəcək.

Bir neçə məntiqli sual ortaya çıxır:

Sentyabrın sonunda, ABŞ “şatdaun” riskilə üz-üzə qalan zaman, Ukraynaya yardım məsələsində 2 hadisə baş vermişdi.

1) Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollar dəyərində hərbi yardım məsələsini səsverməyə çıxartdı və lehinə səs verdi.

2) Makkartinin səsverməyə qoyduğu müvəqqəti büdcə layihəsindən Ukraynaya yardım üçün nəzərdə tutulan 6 milyard dollar, layihədən çıxarılıb.

Sual yaranır: cəmi 300 milyon dolları ayrıca səsverməyə çıxaran, 6 milyardlıq yardımı isə ümumiyyətlə ayırmayan Nümayəndələr Palatası necə 100 milyard dolların ayırılmasının lehinə səs verəcək? Absurd kimi görsənmirmi?

– İsrailin alovlanması və Ukraynaya 100 milyardın ayırılması məsələsinin ortaya çıxması arasında nə əlaqə var?

Birinci növbədə çox vacib məqamı qeyd etmək lazımdır. ABŞ-da siyasətçi üçün ictimai rəyi nəzərə almaq, siyasi karyerasının fundamental zəmanətidir, ictimai rəyə qarşı çıxmaq isə, çox böyük təhlükədir. Misal gətirək.

Şərti bir ştat var, bu ştatın elektoratı və həmin elektoratı Konqresdə təmsil edən konqresmen var. Əgər konqresmen ştatın elektoratı arasında mövcud olan ictimai rəyə zidd olaraq Konqresdə səs verəcəksə, növbəti seçkilərdə, konqresmenin qələbə qazanmaq ehtimalı kəskin enəcək.

Məsələyə Ukrayna prizmasından yanaşsaq, görərik ki, Konqresdə ABŞ-ın Ukraynaya hərbi yardımın göstərilməsinin əleyhdarlarlarının səsi gündən-günə daha ucadan səslənməyə başlayır və bu təsadüfi deyil. Fərqli ştatlarda, elektorat arasında, Ukraynaya yardımı dəstəkləyən insanlar azalır, azalma kəskin və kritik olmasa da, tendensiya xoşagələn deyil.

Dünən isə nə baş verdi? Amerikalı vergi ödəyicisinin gözü ilə baxsaq, Rusiyanın Ukraynaya təcavüzün kiçik modeli olan, “Həm@s”ın İsrailə hücumunun şahidi olduq. Yayılan kadrlar, mülki əhaliyə qarşı son dərəcədə qəddar və amansız davranış, amerikalıları şoka saldı, empatiya hissi pik nöqtəyə qalxdı.

Bunu başa düşən Bayden, cəmiyyətdə empatiyanın pik nöqtəsindən dərhal istifadə etməyə başladı. İsrailin istər hərbi, istərsə də maddi yardıma o qədər də ehtiyacı yoxdur, halbuki olacaqsa, ABŞ istənilən köməyi göstərəcək. Ukraynanın isə yardıma hava-su kimi ehtiyacı var və Bayden bu fürsəti əldən verməyəcək.

100 milyard dollar dəyərində hərbi yardım paketi, Ukraynanın hərbi qələbəsinə yetərli olmalıdır və ümumiyyətlə, bu məsələnin, Konqresdə birdəfəlik həlli, siyasi alverlərə son qoyacaq.

Məhz buna görə də 100 milyard dollar və buna görə də, məhz indiki məqamda.

İctimai rəyə gəlincə, sabahdan etibarən, ABŞ-ın hər bir sağlam media platformalarında, hər mənzildə, hər küçədə, hər dükanda, hər təşkilatda respublikaçılara bu iyrənc siyasi oyunlara, ölkələrin müdafiəsinə hərbi yardımların siyasi alver predmetinə çevrilməsinə son qoymağa çağırışlar səslənəcək. Empatiyanın pik nöqtəsi, ictimai rəydə sunami yaradacaq və əgər respublikaçılar bu ictimai rəyi nəzərə almasalar, 2024-də Konqres seçkilərinə bütün şanslarını itirəcəklər.

1)Ya respublikaçılar 100 milyard dolların ayırılmasının lehinə səs verəcəklər

2)Ya da səs verməyəcəklər və dəqiq olaraq 2024 seçkilərində uduzacaqlar. Səs verməsələr də, Baydenin Ukrayna üçün pulu tapmaq mexanizmləri az deyil, pul da, silahlar da tapılacaq.

Bayden resp-ləri seçim qarşısına qoydu və resp-lərin istənilən seçimi təqdirdə, demokratlar məqsədə nail olacaqlar.

Kamran Cəfərov