Moskva Bakıdan nə istəyəcək?

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin COP29-a qatılması xəbəri ciddi müzakirə edildi. Ukrayna tərəfi dünya ictimaiyyətinə səsləndi ki, Putinin qatılacağı təqdirdə COP29 boykot edilməlidir. Hətta dünya mətbuatında da yazılar getdi ki, əgər Putin Bakıya gələcəksə, tədbir çox ciddi şəkildə boykot olunacaq.
Şübhəsiz ki, Putin Bakıda keçiriləcək COP29 tədbirinə qatılacağı təqdirdə İlham Əliyevə əlavə problem yaradacığını bilir. Əliyevin Qərb ölkələriylə münasibətinin yaxşı olmadığı bir vaxtda V.Putinin Bakıya gəlməsi daha böyük problemlərə yol açmaqla yanaşı, əvvəlki narazılıqları daha da dərinləşdirəcəkdi. Dünən dəqiqləşib ki, V.Putin COP29 tədbirinə qatılmayacaq. Səbəb kimi də o göstərilib ki, Rusiya prezidenti avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda (22-24 oktyabr) olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir.

Aydın məsələdir ki, İlham Əliyev Qərb ölkələrinin rəsmiləri ilə danışıqlarda bildirəcək ki, V.Putini Bakıya gəlmək fikrindən daşındırmaq üçün xeyli əziyyət çəkib. Bu amildən bir növ bazarlıq kimi istifadə edəcək. Qərblə diplomatik münasibətlərin pisləşməsini istəməməsi kimi təqdim edəcək. Ondan tələb olunan “siyasi məhbuslar dərhal azad edilməlidir” tələbinə zaman qazandırmağa çalışacaq. İlham Əliyevə indiki vaxtda zaman qazanmaq lazımdır. O fikirləşir ki, ən azı ABŞ və Gürcüstan seçkilərini gözləmək lazımdır.

İkinci bir məsələ də budur ki, V.Putinin İlham Əliyevə bu jesti neçəyə və ya nəyə başa gələcək. Çünki V.Putinin Bakıya gəlməsi COP29 tədbirinin boykotuna səbəb olacaqdı və bu addım İ.Əliyevin Qərb ölkələri ilə münasibətini daha da korlayacaqdı. Bu addım tanıdığımız Putinə sərf edirmi, edir. Çünki V.Putin İlham Əliyevin Qərb ölkələriylə münasibətləri tamamilə korlamasında maraqlıdır. Ümid edək ki, bu jestin əvəzi kimi BRİKS-in növbəti rəsmi üzvü Azərbaycan olmayacaq. Və ya dövlətimiz üçün hər hansı başqa bir öhdəlik olmayacaq. Gözləyək, görək.

Siyasi şöbə