Ana Səhifə Dünya “Putini xilas et, özün boğul”

“Putini xilas et, özün boğul”

337


“Politco”nun məqaləsi və bizim şərhimiz


Qısa zaman ərzində Azərbaycan hökuməti Qərbin əsas hədəflərindən birinə çevriləcək və hökumətimiz sizə deyəndə ki, bunun səbəbi “ərazi bütövlüyümüzün bərpasıdır”, bilin ki, bu yumşaq desək həqiqətə uyğun deyil. Bəs gerçək səbəb nədir?

Uzaqdan başlayaq. “Politico” təzəlikcə bir məqalə dərc edib və ilk növbədə onunla tanış olmalıyıq.

Putinin pul böhranı.

“Görünən odur ki, Kremlin maliyyə sehrbazlarının papaqdan çıxaracaqları dovşanları tükənir. Bu fakt, Rusiya hökumətinin dərc etdiyi 2025-ci il üçün nəzərdə tutalan büdcədən bilinir, hansında ki kəskin artan hərbi xərclər xüsusilə diqqət çəkir. Məhz indi Avropa və ABŞ bundan yararlanmalı və sanksiyalara nəzarət mexanizmlərdə mövcud olan boşluqları bağlamalıdır. Bununla, Qərb münaqişənin Ukraynanın xeyrinə başa çatmasını sürətləndirə bilər.

Putinin əsas problemi məhz büdcədədir-rəqəmlərdədir. 2025-ci ilə dövlət xərcləri üçün nəzərdə tutulan 436 milyard dolların 145 milyardı sırf hərbi xərclər üçün nəzərdə tutulub. Bu rəqəm, Rusiya ÜDM-in 6.3%-ni təşkil edir. Xatırladaq ki, NATO ölkələri üçün hərbi xərclərin norması ÜDM-in 2% sayılır. Rusiya üçün 6.3%, “soyuq müharibədən” bəri ən yüksək göstəricidir.

Putin üçün əsas pis xəbər odur ki, onun texnokratları, Ukrayna müharibəsinin Rusiyanı gerçəkdən nə dərəcədə böyük iqtisadi fəlakətə sürüklədiyini gizlədirlər.

İllik büdcədə müharibə ilə bağlı əlavə xərclər, o cümlədən Rusiyanın işğal etdiyi Ukrayna bölgələrində işçilərə ödədiyi maaşlar; yaralı əsgərlərə tibbi yardım; infrastrukturun təmiri və açıqlanmayan “gizli” məqamlara səpələnmişdir. Bütün bu xərcləri toplasanız, müharibənin Rusiya iqtisadiyyatına real yükü ÜDM-in 10%-nə yaxınlaşır, fantastik rəqəmdir.

Sadə həqiqət budur ki, Rusiya hökuməti müharibəylə bağlı bu xərcləri ödəmək üçün kifayət qədər pul qazanmır. Kreml defisitlə işləməyə məcburdur – keçən il bu rəqəm 34 milyard dollar təşkil edib.

Qərb məhz bu zəif nöqtəyə zərbələrini gücləndirməlidir.

Əksər hökumətlər üçün defisitlə işləməyə məqbul olsa da, Rusiya sıradan bir ölkə deyil. Qərbin sanksiyaları üzündən Rusiya beynəlxalq borclar hesabına maliyyə kəsirlərini tarazlaşdıra bilmir və yerli kreditorlara həddindən artıq yüksək faiz dərəcələri ödəməyə məcburdur-10 illik istiqrazlar üzrə 16%-ə qədər. Bu ağlasığmaz yüksək faizdir.

Rusiya üçün ən təhlükəli iqtisadi tendensiyalardan biri, bəlkə də birincisi odur ki, Kremlin texnokratları Rusiya Milli Rifah Fondunu əridirlər.

Rusiya Milli Rifah Fondunun yaradılması iki məqsəd daşıyırdı:

1) Əlavə vergi daxilolmalarını toplamaq;

2) Hökumətin defisitlə işləməsi təqdirdə xərcləri tənzimləmək.

Son vaxtlar Kreml hərbi xərcləri ödəmək üçün fondu boşaldır. 2021-ci ildə Milli Rifah Fondunun likvidliyi 117 milyard dollar olduğu halda, bu gün cəmi 55 milyard dollardır.

Rusiya Milli Rifah Fondunda maddi vəsaitlərin tükənməsi qaçılmazdır və həmin məqamda, Kreml qeyri-populyar seçimlərin qarşısında olacaq:

– Oliqarxlar və orta təbəqə üçün vergilərin artırılması;

– Əlavə borc istiqrazların bazara buraxılması;

– Heç bir dəyəri olmayan rublların çap edilməsi;

– Sosial subsidiyaların kəsilməsi.

Rusiyanın maliyyə nazirliyi artıq indidən yuxarıda sadalananlara əl atsa da, miqyas o qədər də böyük deyil və ictimai rezonansla nəticələnmir, amma əgər belə davam etsə maliyyə nazirliyi büdcədə defisiti tənzimləmək üçün siyasi rejimin sabitliyinə təhlükə daşıyacaq addımlar atmaq məcburiyyətində olacaq.

Bu, Avropa və ABŞ-ın Rusiyaya qarşı əsas zərbə istiqaməti olmalıdır. Bunun ən sürətli yolu isə Rusiya neftinin ixracında G7 “qiymət həddi”ni aşağı salmaqdır.

İlk dəfə Aİ tərəfindən təklif edilən və Rusiyanın gəlirlərini azaltmaq üçün vasitə kimi təqdim edilən G7 “qiymət həddi” əslində Rusiya üçün sanksiyalarda boşluqları yaratdı. Prinsip etibarı ilə, neftin barrelini 65 dollardan satdıqca, Kreml heç bir sanksiyalar olmadan istədiyi qədər gəlir əldə edə bilirdi.

Moskva bu satışlardan hər ay təxminən 9 milyard dollar vergi gəliri əldə edir, o cümlədən təxminən 1 milyard dolları Aİ-dən. Kremlin enerji resurslarının satışından əldə etdiyi hər milyard isə büdcəni tarazlaşdırmaq, rejimi dəstəkləmək və Ukraynadakı döyüşlərə görə xərcləri ödəmək üçün Milli Rifah Fondundan çıxarmağa ehtiyac olmadığı 1 milyarddır.

Neftin qiymət limitini bir barel üçün 30 dollara endirməyin və sanksiyalara nəzarət mexanizmlərin ən sərt formada işə salınmasının vaxtı çatıb. Avropa və ABŞ, Çin, Hindistan və Türkiyədə, yəni qeyri-qanuni neft idxalçılarına qarşı sanksiyaları sərtləşdirməlidir.

Avropa liderləri və Ağ Evin yeni administrasiyası arasında ilk danışıqlarda həmin məsələlər əsas prioritet olmalıdır.

Məqalənin sonu.

Mahiyyət etibarı ilə Bayden administrasiyasının gördüyü ən böyük işlərdən biri Rusiyaya qarşı sanksiyaların tətbiqi mexanizminin işə salınması oldu, amma ona nəzarət mexanizmi olduqca zəif görsənirdi və bu səbəbdən Rusiya uğurla sanksiyalardan yayına bilirdi. Yeni administrasiyanın(ümid edək ki, bu demokratlar olacaq) başlıca vəzifəsi Rusiyanı neft gəlirlərindən məhrum etmək olacaq və bu istiqamətdə ən güclü zərbə “kölgə donanma”ya vurulacaq.

2024-cü ilin fevralında “The Wall Street Journal” məlumat vermişdi ki, Rusiyanın sanksiyalardan yayınmaq məqsədilə yaratdığı “kölgə donanma”nın onurğa sütununu təşkil edən “Coral Energy” şirkəti azərbaycanlılar tərəfindən idarə olunur.

– Tahir Qarayev, “Coral Energy” şirkətinin təsisçisi və rəhbəri. Tahir Qarayev Putinin yaratdığı “kölgə donanmanın” pul kisəsidir.

Tahir Qarayevin həm Rusiya(əsasən də Seçinlə-“Rosneft”), həm Azərbaycan hökumətilə çox yaxın münasibətlərlə fərqlənir. Ona qarşı Ukrayna və ABŞ sanksiyalar tətbiq edib, bundan əlavə Türkiyədə axtarışdadır.

– Etibar Eyyub. “Coral Energy”nin törəmə şirkətinin rəhbəridir. Azərbaycan vətəndaşıdır, ABŞ və Avropanın sanksiyalar siyahısındadır. Rusiya və Azərbaycan hökumətilə sıx əlaqələrilə fərqlənir.

– Əhməd Kərimov. “Coral Energy”yə aidiyyatı olan 300-ə yaxın törəmə şirkəti idarə edir, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları ilə xüsusi əlaqələrilə fərqlənir.

İndi isə gələk Azərbaycana aid məsələlərə

Və s. və i.

Bu nə deməkdir? Təbii ki, bu adamların fəaliyyətində və bu mexanizmlərin həyata keçirilməsində Azərbaycan hökumətinin bilavasitə iştirakı var. Bu fakt isə öz növbəsində çox ciddi geosiyasi amilə çevrilir, ona görə ki, “bizimkilər” Putini ayaqda saxlamaqda böyük xidmətlər göstərirlər.

Demokratların 5 noyabrda qələbəsi təqdirdə başlıca vəzifələri sanksiyalara nəzarəti gücləndirmək və “kölgə mexanizmləri” dağıtmaq olacaq, “Politico”da məhz bunun vacibliyi vurğulanırdı.

“Kölgə mexanizmlərə” zərbə deyərkən, ünvanı başa düşməlisiniz…Bəli, məhz ora və məhz var-güclərilə.

Kamran Cəfərov