Staqflyasiya nədir? Staqflyasiya-iqtisadiyyatın staqnasiyası(geriləməsi) ilə yanaşı inflyasiyanın artımıdır
Qiymətlərin artımı və rublun zəifləməsinə gətirən inflyasiyanın qarşısını almaq üçün Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiulina faiz dərəcələrini artırır, bu addım isə öz növbəsində kreditləri bahalaşdırır və iqtisadiyyatın geriləməsini sürətləndirir.
Rusiyada staqflyasiyanı klassik staqflasiyadan fərqləndirən 2 amil var və onları şərtləndirən-müharibə şəraitidir:
- Hərbi Sənaye Kompleksinin güclənməsi;
- İşsizliyin aşağı səviyyədə olması(çox adamın müharibəyə yollanması səbəbindən).
Bunu da qeyd edək ki, 2025-ci il üçün nəzərdə tutulan büdcədə hərbi xərclər ümumi büdcənin 40%-ni təşkil edir.
Amma və lakin…
HSK-nin istehsal etdiyi məhsullar bazara çıxarılmır, bu məhsullar müharibəyə göndərilir və orda da məhv edilir. HSK-də çalışan insanların maaşları isə verilir və artır, bu isə rublun davamlı çöküşü ilə nəticələnir. Yəni dövriyyəyə buraxılan pulların arxasında bazara buraxılan hər hansı məhsul yoxdur.
Sanksiyalar. Sanksiyalar, əvvəldən nəzərdə tutulan effekti verməsələr də, nəticəsiz də deyil. Keyfiyyətli malların Rusiyaya çatdırılması üçün təchizat yolu uzanıbvə çətinləşib deyə, qiymətlər də kəskin artıb.
Qeyd etdiyimiz kimi, 2025-ci il üçün nəzərdə tutulan hərbi büdcə ümumi büdcənin 40%-ni təşkil edir. Bu fonda təbii ki, səhiyyə və təhsil xərcləri azalıb. Heç şübhəsiz ki, səhiyyə və təhsil xərclərin azaldılması əhalinin deqradasiyası prosesini sürətləndirəcək.
Neft-qaz. Qərbin Rusiyanın neft-qazından imtinasından sonra Rusiya üçün Çin və Hindistan əsas bazara çevrilib. Fəqaət, Qərb Rusiya neft-qazından təkcə imtina etməyib, həm də qiymət limitlərini tətbiq edib və Hindistanla Çin bundan istifadə edərək Rusiya ilə ticarətdə öz xeyirlərinə qiymətləri “öldürürlər”. Qeyd edək ki, Rusiya büdcəsinin 30%-dən çoxu neft-qaz satışından əldə etdiyi gəlirlər təşkil edir.
Bundan əlavə, hökumət davamlı şəkildə vergiləri də artırmaq məcburiyyətindədir və bu, əhalinin alıcılıq qabiliyyətini azaldaraq dövriyyədə pul həcmini azaldır və iqtisadiyyatın geriləməsini sürətləndirir.
İqtisadiyyat dərsliklərində staqflasiya “qapalı dairə” adlandırılır və müharibənin davam etdirilməsi təqdirdə Rusiyanın bu “dairədən” çıxması mümkünsüzdür. Bu səbəbdən də, Rusiya üçün müharibənin davam etdirilməsi ekzenstensial təhlükə daşıyır.
Kamran Cəfərov