Ukraynadakı müharibəyə görə məsuliyyətin şaxələndirilməsi mövzusu bir gün əvvəl Brüsseldə baş tutan NATO – G7 sammitinin ritorikasında və sənədlərində qırmızı xətt kimi keçib.
Məhz bu yolla Qərb alyansı ölkələri Rusiya versiyasına görə xüsusi hərbi əməliyyatın, Ukrayna versiyasına görə müharibənin başlanması və həyata keçirilməsinə görə Prezident Putinin məsuliyyətini fərdiləşdirməyə cəhd edirdilər.
NATO-nun nüvəsi – G7 liderlərinin bəyanatında deyilir ki, “Rusiyanın əsassız, səbəbsiz, qeyri-qanuni təcavüzü, Prezident Putinin müstəqil və suveren Ukraynaya qarşı seçdiyi müharibə fonunda əməkdaşlığımızı daha da gücləndirmək üçün… biz Ukrayna hökuməti və xalqı ilə çiyin-çiyinə dayanacağıq”.
Putinin məsuliyyətini fərdiləşdirmək və onu Rusiyanın ümumi məsuliyyətindən şaxələndirmək cəhdi daha sonra sənəddə “Prezident Putinin Avropada müharibə aparmaq üçün birtərəfli seçimi üzündən artan hesab ödəyən tərəfdaşlarımızla həmrəyik” kimi öz əksini tapıb. Düzdür, sənəd məmurların, Lukaşenko rejiminin məsuliyyətindən danışır, buna baxmayaraq, məsuliyyətin fərdiləşdirilməsi yenə nəzərə çarpır.
Reallıqda isə məsuliyyəti böyük ölçüdə Putinin üzərinə atmaq cəhdinə haqq qazandırmaq olmaz. Dövlətin və cəmiyyətin məsuliyyətindən danışmaq daha düzgün olardı. Məşhur “EADaily” nəşrinin martın 1-3-də keçirdiyi sorğuya əsasən, oxucuların 87%-dən çoxu Putinin hərəkətlərini dəstəkləyib. İnteraktiv səsvermədə 25 mindən çox insan iştirak edib. Bu məlumatlar Rusiyanın müxtəlif mərkəzləri tərəfindən aparılan sosial sorğularla təsdiqlənir. Bu cür rəy sorğularına inanmaya bilərik. Ancaq Rusiya və postsovet məkanının sakinləri ilə Rusiyanın müharibəyə münasibəti üzrə seçmə söhbətlərimiz göstərir ki, Putinin hərəkətləri onların arasında böyük dəstək alır. Maraqlıdır ki, dövlətin xaricdə belə güc nümayişi hər zaman ciddi ictimai dəstək alıb.
Sənədi prinsipsiz və qeyri-ardıcıl edən digər mühüm məqam isə Rusiya dövlətinin Ukrayna ilə bağlı hərəkətlərinə qiymət verilməsidir. Bəyanatda təcavüz termini özünəməxsus şəkildə və birmənalı quru söz deyil, epitetlərdən istifadə olunur: əsassız, səbəbsiz və qeyri-qanuni. Bəyəm təcavüz qanuni və ya haqlı ola bilir? BMT Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli 3314 (XXIX) saylı qətnaməsi ilə təcavüzün tərifi təsdiq edilib. O, bu cür şərh olunur: Təcavüz müasir beynəlxalq hüququn anlayışıdır və bir dövlətin digər dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı BMT Nizamnaməsi baxımından hər hansı qeyri-qanuni güc tətbiq etməsini əhatə edir.
BMT Baş Assambleyasının tərifinə görə, təcavüzə siyasi, iqtisadi, hərbi və ya başqa hər hansı xarakterli mülahizələrlə haqq qazandırmaq olmaz və o, beynəlxalq sülhə qarşı cinayətdir. Bu kontekstdə təcavüz növlərinin şaxələndirilməsi cəhdi özlüyündə cəfəngiyyatdır və müəlliflərin reputasiyasına, bəyanatın məzmununa xələl gətirir.
Bu iki ehtiyatlılıq və qeyri-ardıcıllıq fonunda reallığın və ardıcıllığın adekvat qavranılmasına ümid verən yeganə aydın siqnal ortaya çıxır, bu, Böyük Britaniyanın baş naziri Consonun bəyanatıdır: “Hər kəs əmin olmaq istəyir ki, Putin aqressiyanı gücləndirəcəyi təqdirdə ukraynalıların müdafiəsinə töhfəmizi artıra bilərik”. O, Ukraynanı Zelenskinin “ölkəsini aqressiv qonşudan qorumaq üçün” ehtiyac duyduğu “kəmiyyət və keyfiyyətdə” silahlarla təmin etmək üçün çalışacağını vəd edib.
Lakin Consonun bəyanatı NATO üzvlərinin ümumi əhval-ruhiyyəsini əks etdirmir, onların əksəriyyəti mötədil mövqedən çıxış edir. Rusiya ordusunun Ukraynaya müdaxiləsinin ilk günlərindən və bu günə kimi NATO ölkələri müharibəyə birbaşa müdaxilə etmək fikrində olmadıqlarını bəyan ediblər. Onlar NATO-nun özünün müdafiəsini gücləndirməyə üstünlük verirlər. Bu addımlara Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanda Baltikyanı və Polşadakı kimi döyüş qruplarının yerləşdirilməsi daxildir.
NATO ölkələrinin eyni zamanda təqdim etməyə çalışdıqları ehtiyatlılıq və qətiyyət onu göstərir ki, alyans Rusiyanı hər hansı yolla sakitləşdirmək üçün yollar axtarmaq və eyni zamanda bu məqsədə çatana qədər Ukraynanın müqavimətinə dəstəyi gücləndirmək əzmindədir. Birincinin nə dərəcədə uğur qazanacağı Putindən yox, rus xalqının müharibəyə münasibətindən, daha dəqiq desək, Ukraynaya qarşı təcavüzün dayandırılmasının vacibliyini dərk etməsindən asılı olacaq. Lakin bunun üçün kollektiv məsuliyyət və nəticələr barədə siqnal Rusiya xalqına göndərilməlidir ki, belə olan halda bu, daha səmərəli olacaq və müharibənin sonunu sürətləndirəcəkdir.
Mehman Əliyev