Şanxay Əməkdaşlıq Təşkilatı builki toplantısında əsl “məqsəd”inə çatdı. Ötən illərdə Qərb bloku ölkələrinin liderlərindən fərqli olaraq xüsusi məsafəli və soyuq təsir bağışlayan “şərqlilər” bu dəfə mehriban fotolarla daha çox gündəm oldu. Bu arada Çin lideri Si Tsiplin dedi ki, onlar Qazaxıstanın müstəqilliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcəklər. Yəni Rusiyanın hədələrinə meydan verməyəcəklər. Bundan  başqa BMT-nin toplantısında Azərbaycanı hədəf aldığı iddia edilən Hindistan lideri ilə İlham Əliyev də Səmərqənddə bir yerdə idi. Yəni xoşbəxt fotolar heç də o demək deyil ki, liderlərin arasından su keçmir. Amma həm də o deməkdir ki, onlar anlaşıblar. Nədə? Təbii ki, orada hamının bir hədəfi var: “Qərbi, onun əsas dəyərlərini, insan haqları və demokratiyanı bölgəyə buraxmamaq, qismən olduğu yerdən isə qovub, çıxarmaq.

Putin və Ərdoğan ortaqlaşır

Rəcəb Tayyib Ərdoğan düşünür ki, Şanxay formatı onun ölkəsini NATO-dan uzaqlaşdırmaqla həm də demokratiyanın son qalıqlarını sıradan çıxarmağa yardımçı olacaq. Bununla da Ərdoğan hakimiyyətini ya uzadacaq ya da öz nəzarətində ötürə biləcək.

Vladimir Putin isə onu küncə sıxışdırmış Qərb blokuna əslində tam məhv və təcrid olunmadığını göstərmək istəyir. Putin bununla həm də xırda çaplı həmlələr üçün dəstək qazanmaq yolunu tutub. Məsələn, Qafqazda bərkimək üçün. Paşinyanın bu tədbirə qatılmaması onun əlini zəiflətsə də, hələ ki, Ermənistanda bütün resurslarının tükənmədiyi də görünür.

Əliyev məqsədinə çatıb?

İlham Əliyev Brüssel formatında danışıqların onu Qərbə doğru çəkdiyindən xüsusi narahatdır və Şanxay əməkdaşlıq təşkilatının toplantısında iştirakı uğur sayır. Xüsusilə, Ermənistan və Azərbaycan sərhəddində baş verən son olaylara görə Qərbdən gələn bəyanatların fonunda. Düşünür ki, ölkə içərisində yaratdığı “Zəngəzur eyforiyası” onun Qərbə qarşı mövqelərini legitimləşdirmiş olacaq. Bütövlükdə isə məqsəd Qafqazda elə bir cəhənnəm yaratmaqdır ki, Qərb bu regionda genişlənməkdən ya imtina etsin, ya da bunu qeyri müəyyən dövrə təxirə salsın. Bu isə Çinin yeni hərbi iddialarının yaranma ehtimalına hesablanıb. Əslində Əliyevin qəbul etdirdiyi “Media Haqqında” qanun və qəbul etdirməyə hazırlaşdığı “Siyasi Partiyalar Haqqında” qanun ölkədə Çin modelinin quruculuğuna hazırlıqdır. Media və siaysi fəaliyyət üzərində inzibati nəzarəti rəsmi olaraq həyata keçirən model hələ ki, Çin modelidir.

Azərbaycanı gah Rusiya, gah Türkiyə, gah Çin, gah da hər üçünün arxasına qoşub, insan haqları, demokratiya və rifahdan ayırmaq siyasəti sonuncu həmlədə açıq-aydın göründü. Məlum oldu ki, İlham Əliyev Paşinyana qarşı xalq etirazlarına görə Putinin yanında xeyli rahatdır və sülhün əldə olunmaması üçün əllərindən gələni edəcəklərində anlaşma təmin olunub.

Qərb nə edir və etməli?

Başqa tərəfdən, İlham Əliyevin şəxsi ianələrini (əslində isə korrupsiya yolu ilə qazandığı pulları) qəbul edən Fransanın beynəlxalq təçşkilatlarda Azərbaycana qarşı ədalətsiz  qərarların qəbul edilməsinə cəhdlər etməsini Əliyev həm antiqərb təbliğatı üçün xam mal kimi istifadə edir, həm də belə görünür ki, Fransanın bu cəhdlərdə marağı Rusiyanı heç olmazsa Qafqazda saxlamqdır. Çünki bunun əksi bölgədə arzulamadığı Britaniya və ABŞ-ın möhkəmlənməsi ola bilər. Bu baxımdan Londonda və Vaşinqtonda “Əliyevi yerinə oturtmaq”la, “Azərbaycana ikili standart tətbiq” etmək məsələləri ayırd edilməlidir. Bu həm də cəmiyyətin prosesləri daha aydın dərk etməsinə yardımçı ola bilər.

Fotolarla mesaj: ünvana çatdımı?

Əslində Rusiyadakı hərbi, Türkiyədəki iqtisadi böhranı görməmək mümkün deyil. Türkiyənin doğru yol tutmamış hakimiyyətdın xilas olub, vəziyyəti düzəltmək imkanı var. Burada demokratik institutlar tam məhv olmayıb və xalq hakimiyyətdən son dərəcə narazıdır. Çin lideri özünü məlum fotodan kənarda tutmaqla əslində müsbət separatizmin siqnalını verib. O, deyir ki, mən burda yoxam. Hindistan və İran isə orada olduqları üçün nə qazanıb nə itirəcəklərini bilmirlər. Çünki Si, Ərdoğan və Putinin məğlub olduğu birlikdə qalib olmağın tək yolu oranı vaxtında tərk etməkdir. Ona görə də biz bu fotaya bir ad verə bilərik: “Məğlubların xoşbəxt fotosu”.

Seymur Həzi