İlham Əliyevin quru sərhədləri “təhlükəsizlik” məqsədilə bağlamasını əsaslandırdığı bu günlərdə iki maraqlı xəbər oldu. Onlardan birincisi qeyri-rəsmi idi və nə təsdiq, nə də təkzib olundu. Söhbət Qusarda fundamentalist qrupla, hüquq mühafizə və xüsusi xidmət orqanları arasında günlərlə davam edən qarşıdurmadan gedirdi. Belə xəbərlər var idi ki, qanunsuz dəstəyə məxsus qazmalardan kisələrlə pullar və silah- sursat çıxıb. İkinci xəbər isə rəsmi idi və deyilirdi ki, ötən 10 ay ərzində ölkəmizə 2 milyondan çox əcnəbi daxil olub və onun 600 mindən çoxu Rusiyadan gəlib.

Quru sərhədlərin “təhlükəsizlik” məqsədi ilə bağlanmasına bu xəbərlərin dəxli odur ki, birincisi, buraya terror məqsədi ilə gələn heç də qanuni sərhədlərdən, qanuni yollarla gəlmir. Necə gəlir? Buna cavabı biz yox, sərhədləri qormaq əvəzinə özünə Bakıda hektarlarla ərazidə Bakının modelində bağ evi yaradan Elçin Quliyev verməlidir. Həm xalqa, həm də elə İlham Əliyevin özünə. Cavab hamımız üçün maraqlıdır, həm də mühümdür. İkinci xəbər isə onu deyir ki, ölkəyə milyonlarla insan gəlib və quru sərhədlərin bağlanması pulu olan heç kimə mane olmayıb. Kimə mane olub? Rusiyadan Azərbaycana gedib-gəlmək istəyən dolanışıq didərginlərinə, Gürcüstana gedib-gələn azərbaycanlılara. Əliyevin bu adamların yolunu kəsməkdə məqsədi nədir? Bu da ayrı məsələdir. Amma onu deyə bilərik ki, AZAL-ın uçuşları 20 faizdən çox artıb və buna baxmayaraq məlum olub ki, şirkət yenə ziyanla işləyib. Yəni ki, uçuşdan gələn gəlirlər oğurlanıb, yeri dövlət hesabına doldurulub. Desəm ki, mövzumuz heç bu da deyil, təəccüblənməyin. Niyə? Çünki daha betəri var. Bu daha betəri isə bizi bütün dünyada məhşur etməyə yetər və yetdi.
Taliban Bakıdadır, COP29-a ev sahibliyi edən Azərbaycan dünyaya “sürpriz” etməyə davam edir. Məlum olur ki, Azərbaycan bu tədbirə Əfqanistanın Taliban hökumətini də dəvət edib. Burada bir neçə mühüm ziddiyyət var. Birincisi odur ki, BMT Taliban hökumətini tanımır və bu qurumda ölkəni Talibandan əvvəlki hökumətin nümayəndəsi təmsil edir. Bu gün isə tədbirdə BMT-nin yüksək nümayəndələri ilə yanaşı Taliban da oturub. Budur, bütün sivil dünyanın gözündə terrorçu olan Taliban pasport göstərib, ölkəmizə girə bilir. Yerdə kim qalır ki, bizə təhlükə tötətsin? Bir ölkədə keçirilən beynəlxalq tədbirə Taliban gələ bilirsə, o ölkədə başqa hansı təhlükə ola bilər? Bax beləcə, ağlamalı lətifələrin ortasında qalmışıq.

Seymur Həzi