Müxalifətin “Qaxariya düyünü” necə açılacaq?

2024-cü ilin payızı daha bir seçki ilə qaynar qazana çevrilməkdədir. 25 oktyabrda təbliğat- təşviqat kampaniyası başa çatmaqla Gürcüstan qalmaqallı bir parlament seçkisinə qədəm qoyur. Ölkənin geopolitik seçimini qeyri -formal olsa da, bu seçkinin təyin edəcəyini söyləyənlər az deyil. Bir çox sorğu mərkəzləri hesab edir ki, hazırki hökumət növbəti dəfə təkbaşına kabineti formalaşdıracaq səsləri toplaya bilməyəcək. Müxalifətin şansları da bu fonda ürəkaçan görünmür. Ölkədə infilyasiya və sosial böhran dərinləşsə də, əsas diskurs Avropa yoxsa, Rusiya ilə müttəfiq olmaq suallarının ətrafında qurulub. Müxalifət üçün əsas üstünlük həm də ciddi mənada çatışmazlığa çevrilib. Söhbət bir neçə partiyanın ayrı-ayrılıqda ciddi siyasi fəallıq yarada bilməsi fonunda hökumət qurmaq məsələsində çətin dil tapmaqlarından gedir.

Beləliklə, Gürcüstanda kimlər yarışır, kimlə yarışır?

Aşağadakı sıralamaya “Edison” sorğu mərkəzinin 23 Oktyabra olan nəticələrini də əlavə etməklə, sizə təqdim edirəm.
• Gürcü Arzusu 34%- Hakim partiya olan Gürcü Arzusu ölkədə uzun müddətdir iqtidardadır. Bu partiya 2024 seçkilərində qalib gəlməyə çalışır.Lider: Partiyanın qurucusu və keçmiş baş nazir Bidzina İvanişvili.

•Vahid Milli Hərəkat 18%- Ənənəvi olaraq Gürcüstandakı əsas müxalifət partiyasıdır. Buraya Ağmaşenebli Strategiyası və Avropalı Gürcüstan da daxildir.Lider: Tina Bokucava, hazırda parlament üzvü və tanınmış siyasi şəxs.

• “Dəyişiklik Naminə” koalisiya 14%-Bu blokda bir neçə müxalif partiya birləşib. Əsas partiyalar: Axali, Droa, Girçi Daha Çox Azadlıq, və Respublikaçılar partiyasıdır. Bu koalisiya dəyişiklik istəyən seçicilərə yönəlib.Lider: Nana Malaşxia, Avropa bayrağı ilə yadda qalan siyasi fəal.

• Gaxaria Gürcüstan Üçün 11%- Keçmiş baş nazir Giorgi Gaxarianın rəhbərlik etdiyi partiyadır. O, hakimiyyətdən ayrıldıqdan sonra müxalifətə keçmişdir, amma bəzi şübhələr var ki, o hələ də hökumətlə əməkdaşlıq edə bilər. Lider: Giorgi Gaxaria, keçmiş baş nazir.

• Güclü Gürcüstan 10%-Buraya müxtəlif müstəqil və kiçik partiyalar daxildir: Lelo, Ana Dolidze Xalq Üçün, Vətəndaşlar və Azadlıq Meydanı. Keçmiş prezident Giorgi Marqvelaşvili də bu bloka qoşulub.Lider: Mamuka Xazardze, tanınmış iş adamı və partiyanın sədri.

• Patriotlar Alyansı – Daha çox sağçı baxışlarla tanınan bir blokdur. Gürcüstanın milli maraqlarını müdafiə edən siyasətlə çıxış edir.Lider: İrma İnaşvili, partiya sədri.

• İşçi Partiyası -Gürcüstanın solçu baxışlarla tanınan partiyasıdır.Lider: Şalva Natelaşvili, partiya sədri.

• Qirçi- Liberal siyasətləri ilə seçilən bir partiyadır.Lider: İako Xviciya, hazırda parlament üzvüdür.

Kim nə istəyir?

10 faiz və daha çox səs alacağı gözlənilən partiyalar əsasən 3 qismə bölünür. Qərblə xüsusi münasibətlər istəyən, Avrointeqrasiyanın fəal tərəfdarı olan, Vahid Milli Hərəkat (keçmiş prezident, hazırda həbsdə olan Mixail Saakaşvili tərəfindən yaradılıb), “Dəyişiklik Naminə“ koalisiya ( Mərkəzində „Axali“ (yeni) Partiya durur, VMH keçmiş sədri Nika Melia və digar iş adamı tərəfindən yaradılıb), Mərkəzində Lelo partiyası olan Güclü Gürcüstan koalisiyası. Bu təşkilatlar birmənalı Qərblə münasibətlərin yaxşı olmasını istəyirlər.

Başqa bir müxalif hərəkat olan „Gürcüstan üçün Qaxariya“ isə 11 faizlik reytinqlə 4-cü yerdə bərqərardır, amma onun çağırışları digərləri kimi konkret deyil. Tibilisi siyasi kluarlarında belə söhbətlər gəzir ki, Qaxariya seçkidən sonra hazırki hökumətlə koalisiyaya gedə bilər. Çünki o Avrointeqrasiyanı qırmızı xətt kimi görmür və heç bir halda Vahid Milli Hərəkatla bir koalisiyada olmayacağını bəyan edib. Beləliklə, indidən Gürcüstanda yeni hökumət böhranının anonsu verilmiş olub.

Hakimiyyət „sülh“ deyir, amma kimlə?

Siyasi cəbhələşmənin qarışı tərəfi „Gürcü Arzusu”dur. 23 oktyabrda keçirilən Tibilisi mitinqində partiyanın seçki siyahısının lideri və qurucusu Bidzina İvanaşvili çıxış edərək deyib ki, onlar sülh istəyirlər. Kiminlə? Təbii ki, Rusiya ilə. Sabiq baş nazirin bu bəyanı siyasətçilərdə belə sual yaradıb. Kim Rusiya ilə müharibə istəyir və İvanaşvili bu tezislə kimə cavab vermiş olur?
Bununla belə sorğularda 34-36 faiz arasında dəyişən səslərlə ciddi bir sınaq qarışısında olan Gürcü Arzusu üçün də çətin bir mərhələ başlayır.

Hökumət böhranı, yoxsa, yeni hökumət?

„Gürcü Arzusu“ sorğuları yanıltmasa, təkbaşına, hətta Qaxariya ilə birlikdə də hökuməti qura bilmir. Müxalifət isə Qaxariyasız hökumət formalaşdıra bilmir. Beləliklə, Gürcüstanda indidən görünən yeni hökumətdən daha çox, hökumət böhranıdır.

Nəzəri sürpriz

Təbii ki, belə bir nəzəri sürprüz ola bilər ki, hökumət hazırda müxalifətin və vətəndaş cəmiyyətinin etiraz etdiyi bir çox addımlardan geri çəkilməklə, məsələn, “rus qanunu”ndan və 2008-ci il müharibəsində iştirak edənləri cəzalandırmaq vədindən imtina etməklə koalisiya təşkil edə bilər. Amma bu variant çox az ehtimal olunur və nəzəri xarakter daşıyır. Təbii ki, bütün bunlar hökumətin seçkinin gedişinə və nəticələrinə müdaxilə etməyəcəyi təqdirdə baş verə biləcək hadisələrdir. Əks halda, Gürcüstanı yenə qaynar meydan mübarizəsi gözləyir.

Seymur Həzi