Yaxud, avtoritar idarəçiliyi, beynəlxalq tədbirə ev sahibliyi etməklə gizlətmək olarmı?
Bir qrup “müdrük” adam peyda olub, “belə tədbirlər ölkəni dünyaya tanıtmaq üçündür” deyərək, özlərini uzaqgörən göstərirlər.
Zaman göstərdi ki, Avropa oyunları, Formula-1 və bu kimi tədbirlərlə ölkəni dünyaya tanıtmaq yox, epizodik göstərmək olur. COP-29-da bu tədbirin hansı ölkədə keçirildiyini göstərir. Ümumiyyətlə, beynəlxalq səviyyəli tədbirlər 3-5 günlükdür və yaddaşlarda yurd sala bilmir. Məsələn, COP-28 Dubayda keçirilmişdi, amma heç kim o tədbirdən danışmır. Dubay adı çəkiləndə COP-28 yox, Bürc Xəlifə yada düşür.
Bir ölkəni dünyaya tanıtmaq, dünyanın yaddaşına həkk etdirmək üçün elm, təhsil, iqtisadiyyat, hüququn aliliyi, bəşəriyyətə müsbət töhfələr əsas olmalıdır. Amma bu tədbir ərəfəsində dünya mətbuatı Azərbaycandakı siyasi məhbuslardan, seçki saxtakarlığından danışdı.
Ölkədə 365 gün hüquqsuzluq, korrupsiya, saxtakarlıq hökm sürürsə, 1 gün, 5 gün hansısa tədbirə ev sahibliyi etmək eybəcərliyi sığortalaya bilməz.
Dövlətin imicini yüksəltmək, dünyada ölkənin cazibəsini artırmaq istəyən hökumət seçkini saxtalaşdırmaz, işıqlı adamları zindanlara məhkum etməz, dövlətin sərvətini yağmalamaz, mətbuatı dəfn etməz, məhkəməni tamaşaya çevirməz, təhsili gülünc vəziyyətə salmaz və.s
Digər tərəfdən, vətəndaşı səfalət bataqlığında çırpınan hökumət hansısa yarışa ev sahibliyi etməkdən qürrələnə bilməz. Vətəndaşın boğazından kəsib, öz şəxsi maraqlarına yamaq etmək istəyənlərə heç bir bəraət yoxdur.
Fakt budur ki, Azərbaycan dünyada qeyri-azad ölkə kimi tanınır və bu “tanıtım” mövcud hakimiyyətin “şah əsəri”dir.
Sima -Sız