Ana Səhifə Manşet Çeçenlər İçkeriyanın azad edilməsi əməliyyatına hazırlaşır – Xəqani Cəfərli

Çeçenlər İçkeriyanın azad edilməsi əməliyyatına hazırlaşır – Xəqani Cəfərli

9

Xəqani Cəfərli

Ukraynanın ötən beş ayda Rusiya işğalına qarşı qətiyyətli müqaviməti, Rusiya ordusunun ağır itgiləri Moskvanın əsarətində olan xalqlarda gələcəkləri ilə bağlı ümid yaradıb.

Çeçenistan İçkeriya hökumətinin rəyasət heyətinin başçısı Əhəd İdiqov Ukraynanın qələbəsinin Rusiya əsarətindəki xalqlara azadlıq şansı yaradacağı qənaətindədir.

Ukraynanın müharibə meydanında Rusiya ordusuna ağır itgilər yaratması isə Kremlin əsarətindəki xalqları artıq hərəkətə gətirib. Şeyx Mənsur adına Ukrayna çeçen batalyonunun təmsilçisi İslam Belokiyev vətənlərinin Rusiya işğalından azad etməyə hazırlaşdıqlarını bildirib. İşğaldan azad edilmək üçün Çeçenistan üç cəbhəyə və 16 sektora bölünüb. Rusiya qüvvələrinin İçkeriyada yerləşdiyi yerlər haqqında intensiv məlumat toplanır.

Çeçenlər azadlıqlarını qazanmaq üçün beynəlxalq ictimaiyyətdən siyasi, silah və informasiya dəstəyi istəyirlər. Çeçen döyüşçülər bildirirlər ki, silah məsələsi qismən həll olunsa da, siyasi və informasiya dəstəyi yetərli deyil.

İçkeriya Çeçen Respublikası hökumətinin rəyasət heyətinin təşəbbüsü ilə demokratik ölkələrin dövlət başçılarına və parlamentlərinə müraciət edilib. Müraciətdə İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən işğalı ilə barışmamaq və çeçen xalqının soyqırımını pisləyən hüquqi aktların qəbul olunması xahiş edilir. Müraciəti Pol Qobl, Petras Qrajulis, Zenon Poznyak, Viktor Feinberg, Vladimir Vasilenko, Vissarion Ququşvili, Vladimir Oqryzko, Yadviqa Xmelevskaya, Mixail Qonçar, Malxaz Museridze, Barjo Dugarov, Peter Xleboviç, Elxan Nuriyev, Taras Protsevyat, Lazo Berger, Qabiden Şahəndəri, Oleq Berezyuk kimi tanınmış siyasi xadimlərlə yanaşı Demokratiya Naminə Ukraynaya Dəstək Platforması da dəstəkləyib.

Çeçen xalqının soyqırımının pisləyən hüquqi aktların qəbul olunması İçkeriyanın azadlığı uğrunda mübarizəyə siyasi dəstək olar. Ukrayna Ali Radasının “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko həmkarı Musa Maqomedov ilə birlikdə Ukrayna Ali Radasına İçkeriya Çeçenistan Respublikasının dövlət suverenliyinin tanınması haqqında qərar layihəsi də təqdim edib. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması deputat Aleksey Qonçarenkonun bu təşəbbüsünü dəstəkləyir.

Rusiya imperiyasının dağılmasını, Qafqazın tamamilə azad olunmasını istəyənlər azadlıqları uğrunda ayağa qalxan çeçenlərə informasiya dəstəyi verməkdən çəkinməməlidir.