İlham Hüseyn
Absurdun uğur kimi şüurumuza yapışdırılması
O qədər anormallıq var ki, hamısına fikir bildirmək, hamısını şərh etmək olmur. Kimlərsə deyə bilər ki, bu anormallıqların hamısına fikir bildirməyə ehtiyac da yoxdur. Amma dərindən düşünüb, bu qənaətə gəlirik ki, anormallığın cəmiyyətə “xoş xəbər” kimi sırınmasına imkan vermək olmaz. Məsələn, “filan kənd qazlaşdırıldı”, “filan tarixdə pensiyalar veriləcək”, “manat gələn il də sabit qalacaq” kimi xəbərlər sevindirici yox, məyusedicidir. Bu xəbərləri ictimai rəyə “təsəlli paketi” kimi təqdim etmək biabırçılıqdır.
Axı, normal ölkədə pensiyanın hansı tarixdə veriləcəyi niyə xəbər olmalıdır? Yəni, demək istəyirlər ki, pensiyalar verilməyə də bilər. Dövlətin vətəndaş qarşısındakı bu vacibatı niyə müjdə olmalıdır? Bizim ölkəmizdə “pensiyaçılara şad xəbər, filan tarixdə artım olacaq” xəbəri də absurddur. Çünki bu artımlar riyazi fokusyorluqdan ibarət olur. Artım vətəndaşa çatana qədər yolda infilyasiyanın qurbanına çevrilir.
“Filan kəndə qaz verildi” tipli xəbərlər isə daha rüsvayçııdır. Əslində belə xəbərləri gizlətməlidilər ki, bu geridəqalmışlıqdan heç kimin xəbəri olmasın. Bu ölkədə ilk dəfə qazlaşdırma uzun onilliklərdən əvvələ təsadüf edir. Dünyaya qaz satan bir ölkənin paytaxta yaxın yaşayış məntəqəsində qazlaşdırma 2024-cü ilə təsadüf edirsə, bu, yarıtmazlıq, məsuliyyətsizlikdir. Bu xəbərə görə təşəkkür eşitmək yox, utanmaq lazımdır.
Yaxud, biz manatın sabit qalacağına görə niyə minnətdar olmalıyıq? Niyə bu xəbəri hökumətin fədakarlığı kimi cəmiyyətə dürtüşdürməlidilər? Ümumiyyətlə, 2 dəfə ölümcül “güllə yarası” almış manatın növbəti dəfə “güllələnməsi” ehtimalı niyə olmalıdır? Dövlətin pul siyasəti niyə bu qədər kövrək olmalıdır ki, hər külək əsəndə manat havada qalmalıdır? Dünyanın harasında vətəndaşlar hər il milli valyutatının devalvasiya edə biləcəyindən narahat olub, pul dəyişdirir?
Son günlər isə “filan məşhur ölkəmizə gəlib” xəbərini elə bəh-bəhlə tirajlayırlar ki, elə bil bu xəbərdən sonra kütləvi şəkildə şükür duası oxumalıyıq. İndi elə bir dövrdür ki, istənilən məşhuru müəyyən vəsait qarşılığında ölkəyə dəvət etmək olar və bu sensasiya deyil.
Bütün bu sadaladıqlarım cəmiyyətə cılız hadisələri nəhəng kimi göstərmək cəhdidir. Avtoritarizmin “qida rasionu” belədir ki, cəmiyyətə kosmetikanı təbiilik kimi təqdim edir. Nəticə etibarilə bu xəbərlər insanların həyatında heç bir müsbət rol oynamır, əbəs ümidlər, kövrək inamlar formalaşdırır.
Bir ölkəyə ədalət, hüquq, azadlıq təşrif buyurmursa, bir ölkəyə təhsil, səhiyyə, müstəqil məhkəmə dəvət olunmursa, həmin ölkəyə hansısa məşhurun 2-3 günlük səfəri heç nəyi dəyişmir, heç bir yaraya məlhəm olmur.
Biz uzun illərdi ölkə insanının həyatını müsbətə doğru dəyişəcək heç bir xəbərin, fərmanın, sərəncamın, qərarın şahidi olmuruq.
Evinə yağış suyunun “qonaq” gələcəyinə görə həyəcan keçirən adamlar, ölkəsinə hansısa məşhurun qonaq gəldiyinə görə sevinə bilməz.