Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda azyaşlı uşaqlara fiziki zorakılıq edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokuroluğun yaydığı məlumatda deyilir.
Bu il may ayının 10-da müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Bundan əlavə, sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə uyğun gələn xəsarət izləri aşkar olunub.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi…), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə bildlriblər ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, hadisə barəsində istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.