Üstəlik, Çindən 1 milyon dollarlıq kürü alınıb-xalqa nə çatıb?
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kq nərə balığı kürüsü istehsal edilib. Bu, ötən ilin müvafiq dövrüylə müqayisədə 49% və ya 203.1 kq çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda 414 kq nərə balığının kürüsü istehsal edilib. 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib. Qara kürünün 1 kq-nın orta ixrac qiyməti isə 1961 manat təşkil edib. Bu ilin 8 ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3630 kq qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 510 manat təşkil edib.
Görürsüz də, qara kürü bahalı məhsuldu. Qara kürüylə bağlı bu xəbərləri oxuyanda bir anlıq düşündüm ki, ölkə əhalisinin böyük əksəriyyətinin qida rasionunda nəinki qara kürü, balıq da yoxdur. Uzun illərdi ölkə vətəndaşı qara kürünün yalnız adını eşidir.
Amma məsələnin başqa tərəfi də var. Hələ illər əvvəl mütəxəssislər deyirdi ki, Azərbaycan təkcə Xəzər dənizindən səmərəli istifadə etsə, böyük qazanc əldə edər. Və bu fikri deyərkən nefti nəzərdə tutmurdular. Amma Xəzərdəki neftin də, balığın da, kürünün də mənfəəti bir qrup adamın payına düşür.
Yeri gəlmişkən, Çindən 1 kiloqramı 510 manat olan kürü idxal edilməsinin də vətəndaşın alıcılıq qabiliyyətinə aidiyyatı yoxdur. Bu qiymət onu deməyə əsas verir ki, qara kürünü qaragünlü vətəndaş qəbul edib, mədəsinə sürpriz etmək iqtidarında deyil.
Bu da bir başqa yazının mövzusudur ki, 480 kiloqram kürü ixrac edib, 3630 kiloqram idxal etmək iqtisadi baxımdan necə göstəricidir? Bunu qeyri-neft sektorunun göstəricisi kimi qəbul etmək olarmı?
P.S Toylarda yediyimiz qara məhsulun qara kürüylə tanışlığı yoxdur.
İlham H