Ana Səhifə Manşet AUKUS- dünyanın yeni lokomotivi

AUKUS- dünyanın yeni lokomotivi

6

Kamran Cəfərov

Yeni dünyanın sərhədlərini kimlər cızacaq?

Avstraliya, Böyük Britaniya və ABŞ arasında Çinə qarşı AUKUS hərbi alyansının yaradılması geosiyasi səhnədə çox önəmli hadisəydi. İlk növbədə “AUKUS nədir: NATO-ya alternativdir yoxsa lokal məqsədlər daşıyan yeni platformadır” sualına cavab tapmalıyıq.

Əlbəttə ki, AUKUS-un NATO ilə müqayisəedilməz qədər böyük fərqi var. NATO qlobal strateji təhlükəsizliyi təmin edən hərbi blokdur. AUKUS-u isə ANZUS-la(Avstraliya, Yeni Zelandiya, ABŞ) müqayisə etmək olar. Asiya-Sakit okean regionunda NATO-nun mövcudluğu yetərincə olmaması, yeni platformanın yaradılması və regionda Qərb blokunun əsas müttəfiqi olan Avstraliyanın hərbi-texniki baxımından gücləndirilməsi zərurətini yaratmışdı. Əsas məqsəd: regionda Çin hegemonluğunun zəiflədilməsidir.

Qərb blokunun daxilində narazılıqlar; kimlər narazıdır?

Avstraliyanın Baş naziri Skott Morrisonun hərbi alyansı “fundamental etimad əsasında yeni dövrün əməkdaşlığı”, Baydenin “üç ölkə arasında təhlükəsizlik sahəsində yeni mərhələnin başlanğıcı” kimi qiymətləndirilməsi fonunda, Fransanın xarici işlər naziri AUKUS-u “Fransaya arxadan vurulan zərbə” adlandırıb.

AUKUS-un yaradılması, Fransanın iqtisadi maraqlarına zərbə vurdu və böyük diplomatik qalmaqal qaçılmaz idi.

Məsələ ondadır ki, ABŞ və Böyük Britaniya Avstraliyanı atom sualtı qayıqların istehsalı üçün lazımlı texnologiyalarla təmin edəcək, bu halda Avsraliyanın sualtı qayıqların əldə edilməsi üçün “Naval Group”la(Fransa) 2016-cı ildə bağlanılmış, 56 milyard avro dəyərində sazişi aktuallığını itirir.

Fransada iqtisadi maraqlarına vurulan zərbə çox həssas və sərt qarşılanıb, dərhal səfirlər ABŞ-dan və Avstraliyadan məsləhətləşmələr üçün geri çağırılıb. Bundan əlavə Fransa Böyük Britaniyanı “fürsətçilikdə” ittiham edərək 2 ölkənin müdafiə nazirləri arasında planlaşdırılan görüşü ləğv edib. Ölkələr arasında siyasi qalmaqalın miqyasını 1966-cı ildəki qalmaqalla müqayisə etmək olar. 1966-ci ildə Fransa NATO-nun birgə hərbi komandanlığını tərk etmişdi və ölkələr arasında gərginlik pik nöqtədəydi. Səbəb: ABŞ və Böyük Britaniya tərəfindən, Fransanın nüvə silahları əldə edilməsi üçün müraciətinə, mənfi cavab idi.
Amma səfirin məsləhətləşmələr üçün geri çağırılması Fransa-ABŞ münasibətlərində ilkdir.

Qeyd edim ki, AUKUS-un yaradılması ilə bağlı Aİ-nin Prezidenti Şarl Mişel:”Niyə? Ona görə ki, Bayden administrasiyası ilə ABŞ qayıdıb. Bu tarixi mesaj idi, amma hal-hazırda bizim suallarımız var. “ABŞ qayıdıb” nə deməkdir? ABŞ ABŞ-a qayıdıb, yoxsa başqa yerlərə(coğrafiyalara) də? Biz bilmirik” deyərək öz narahatlığını bildirmişdi.

Nəticədə Bayden və Makron arasında telefon danışığından sonra Fransanın ABŞ-daki səfiri Filip Etyen 1 oktyabr 2021-ci ildə ABŞ-a qayıdıb(17 sentyabrda geri çağırılmışdı). Siyasi gərginlik aradan qaldırılıb.

Yeni presedent.

Avstraliyanın Baş naziri Skott Morrison qeyd edib ki, ABŞ-dan “Tomohawk” raketləri alınacaq. Bundan əlavə böyük ehtimalla Avstraliyanın sualtı qayıqları nüvə başlıqları ilə təchiz olunacaq. Yeni presedent ondan ibarətdir ki, Nüvə Silahların Qadağanı Müqaviləsində boşluqlardan istifadə edərək, nüvə ölkəsi olmayan birinə nüvə silahlarının yerləşdirilməsinə icazə veriləcək.
ABŞ-ın başqa ölkəyə(Böyük Britaniya istisna) nüvə texnologiyalarının verilməsi də tarixdə bir ilkdir.

Yeni dünya düzənində ABŞ öz liderliyini möhkəmlətməyə davam etməkdədir