İlham Hüseyin

Ən pisi budur ki, biz qonşu ölkəyə də topa bülleten “ixrac” edirik. Gürcüstandakı seçkidə də həmyerlilərimiz seçki qutusuna təcavüzlə gündəmə gəlir.

Cənubi Koreyanın 100 min km² ərazisi var, Azərbaycandan biraz böyükdür. Amma ixracı 700 milyard dollara çatıb. Azərbaycanın yarısı boyda olan Hollandiyanın kənd təsərrüfatı məhsulları ixracı 100 milyard avronun üzərindədir. Azərbaycandan 4 dəfə kiçik olan İsrailin ÜDM-i 500 milyard dolları ötüb.

Ədəbiyyat üzrə Nobel mükafatını Cənubi Koreyalı Han Kanq, iqtisadiyyat üzrə Nobeli Darom Əcəmoğlu, Ceyms Robinson və Simon Conson, fizika üzrə Nobeli John Hopfield və Geoffrey E.Hinton qazandı.

2023-cü ildə “Barbie” filmi ən çox gəlir gətirən film oldu, 1 milyard 441 milyon dollar. “Oppenheimer” 948 milyon 800 min dollar, “Qalaktika mühafizəçiləri” 845 milyon 555 min dollar gəlir gətirdi.

Gördüyünüz kimi iqtisadi göstəricilərdən, elmə, oradan kinoya keçid etdim. Başqa sahələrdən də xeyli nümunələr təqdim edə bilərdim. Yazının əvvəlində seçki qutusuna təcavüzə təsadüfən diqqət çəkmədim. Diqqət etsək görərik ki, bütün sahələrdəki uğurlar azadlığın, rəqabətin, hüququn üstün olduğu, dövlət ağlının dövlət maraqlarına xidmət etdiyi ölkələrdə baş verir. Oğurlamağı, repressiyanı, seçki saxtakarlığını prioritet seçən ölkələrdə beyinlər möcüzələr yarada bilmir, beyin axını yaranır. İndi biz də dünyanın gündəminə müxtəlif sahələrdəki uğurlarla, iqtisadi möcüzələrlə gələ bilərdik. Amma bizim idarəçilik seçki qutusunun işğalını təbliğ və tələb edir. Bizim insanımıza “topa bülleten” missiyası yüklənir. Biz mənfi ənənələrlə bəslənirik və düşüncəmizə neqativ uğurlar ixrac edirik.
Normalda bir insan bir xalqın və dövlətin taleyinə mənfi təsir edəcək əməllərdən çəkinməlidir, utanmalıdır. Amma bizim ölkəmizdə karuseli, topa bülleteni az qala vətənpərvərlik göstəricisi kimi təqdim edirlər.
Bir ölkədə bütün fantaziyalar seçki qutusuna haram qatmaq üzərində qurulubsa, həmin ölkədə heç vaxt elmin, mədəniyyətin, iqtisadiyyatın qutusu dolu olmayacaq.
Xalqa və dövlətə xidmət peşəsi, şəxsi istəklərin təmin olunması peşəsinə çevriləndə, tənəzzül və bədbəxtlik qaçılmaz olur.

Bir sözlə, heç nə təsadüfi deyil, təkcə seçki qutusuna topa bülleten atılmasına diqqətlə baxa bilsək, bütün fəlakəti görə bilərik. Hətta daha da diqqətlə baxsaq, vətəndaş məsuliyyətinin nə qədər önəmli olduğunu dərk edərik.