Regionda möhkəmlənməyin yolu Azərbabaycandan keçir?

Gürcüstanda keçirilən seçkilər bir daha sübut edir ki, C.Qafqazda avrointeqrasiya siyasətinə kompleks yanaşmaq lazımdır. Azərbaycan demokratik olmadıqca C.Qafqazda işlər həmişə yarımçıq olacaq. Nəhayət indi başa düşmək lazımdır ki, standartlar hər bir ölkəyə eyni formada tətbiq olunmalıdır. Əgər bu qədər pul xərcləyib, bu qədər iş aparandan sonra gürcü xalqı seçkiyə “Avrointeqrasiya yoxsa Rusiya” şüarı ilə gedirsə, deməli görülməli iş çoxdur. (Marağınız olsa, şərh bölümünə linklər yerləşdirəcəm, oxuyarsınız)

Söhbət o deyil ki, seçki tam şəffaf olsaydı nəticə fərqli olardı. Məsələ odur ki, niyə bu qədər aparılan işdən sonra hələ də Gürcüstanda belə bir mənzərə yaranmalıydı? Gürcüstanın daxili işinə qarışmaq fikrim yoxdur. Amma və lakin nəticə üzərindən tənqidi yanaşma haqqını da boş keçmək istəmirəm. Hələ ki, tam Avropa standartları olmayan ölkələrdə insanlar şəxsiyyət arxasınca daha çox gedir. Hərçənd ki, indi Qərbdəki seçkilərdə də bu hal özünü yenidən göstərməyə başlayıb. Bir zamanlar insanlar verilən vədlərə, platformalara baxırdı. Yəni, riyazi yanaşırdı ki, kimə səs versək və nəticədə nə qazanacağıq. Amma bizim kimi regionlarda şəxsiyyət, yaxşı çıxış, yaxşı idarəçiliyə həmişə ehtiyac var. Fikrimcə, Gürcüstanda çatışmazlıqlardan biri də bu idi. Gürcüstanda çox yaxşı vətəndaş cəmiyyəti var. Çox yaxşı işlər görürlər. Elə bu seçkilərdə iştirak edən gənc komandalar o sahədə yetişiblər. Ümid elə o gənclərədir. Gürcüstanda proses ya elə, ya belə davam edəcək.

Ermənistanın qarantiyası varmı? O da ayrı problemə çevrilə bilər. Qafqazın yenidən 90-lardakı vəziyyətə qayıtmaması üçün bu region çox ciddi formada araşdırılmalı, tarixi öyrənilməli, kompleks şəkildə avrointeqrasiya siyasəti aparılmalıdır. Bu qədər görülən işlər “sizif əməyi”nə çevrilməməlidir. Bu qədər yol qət edib, yenidən başa qayıtmaq yaxşı heç nə vəd etmir.

Odur ki, Azərbaycan istiqamətində də qəti Avrointeqrasiya tələbləri qoyulmalıdır. Siyasi məhbuslar buraxılmalıdır və bu söhbət mövzusu belə olmamalıdır. Buna görə “sağol, var ol” da deyilməməlidir. Siyasi məhbus məsələsi olmazsa, olmazdır. Bu problemi “bufer zona” olmaqdan çıxarmaq lazımdır. Yəqin fərqindəsiniz ki, xeyli müddətdir siyasi məhbus problemindən o tərəfə keçə bilmirisiniz. Azərbaycan hakimiyyəti illərdir bu problemlə çox şeyin önünü kəsib. Bütün söhbətlər o ətrafda cərəyan edir.

İndi qətiyyətli olmaq zamanıdır. Hər kəs də bilməlidir ki, filan tələbin icrası olmadıqda nəticəsi nə olacaq. Avtomatik dövrəyə keçmə mexanizmi kimi.

Aqil Məhərrəmli