Yaxud, qızıl olmayan idarəçilik və itirilən qızıl fürsətlər
Hər dəfə statistik rəqəmlər açıqlananda öllənin nə qədər böyük potensialal sahib olduğu aydın görünür. Ölkənin altından və üstündən pul yağır. Neft, qaz, qızıl, gümüş, məhsuldar torpaqlar, turizm üçün imkanlar və.s mövcuddur.
Bugünlərdə “AzerGold” QSC-nin bir açıqlaması yayıldı. Bildirilir ki, Cəmiyyət 2024-cü ilin yanvar-sentyabr aylarında hasilat və satış əməliyyatlarını uğurla davam etdirib. Bu dövr ərzində Cəmiyyət tərəfindən 48.7 min unsiya həcmində qızıl hasilatı həyata keçirilib. Bununla ötən ilin ilk 9 ayı ilə müqayisədə qızıl hasilatında 27% artım qeydə alınıb. Cari ilin ötən dövrü ərzində müəyyənləşdirilmiş qızıl hasilatı planı 3% artıq icra edilib. Sözügedən dövr ərzində gümüş hasilatı isə 69.2 min unsiya təşkil edib.
Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin ilk 9 ayı ərzində 40.2 min unsiya qızıl, 54.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə ölkə iqtisadiyyatına ötən ilin eyni dövrü ilə müqayisədə 21% daha çox olmaqla 166.9 milyon manat vəsait cəlb edilib.
Ümumilikdə isə QSC tərəfindən 456.5 min unsiya qızıl, 907.4 min unsiya gümüşün yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir 1 milyard 355 milyon 471 min 676 manat təşkil edir. Vəsaitin 1 milyard 290 milyon 315 min 319 manatını ixrac gəlirləri, 65 milyon 156 min 357 manatını isə daxili bazar satışlarından əldə edilib.
Göründüyü kimi ölkənin altı da, üstü də sərvətdi. Dövləti güclülər sırasına çıxarmaq, xalqı səfalət bataqlığından qurtarmaq üçün mənbələr mövcuddur, ilkin kapitalı ana təbiət özü bizə verir. Bu qədər zəngin ölkəni, bu qədər müqavimətsiz duruma gətiriblər. Əslində bu sərvətlərlə iqtisadiyyatı şaxələndirmək, əməldə sənaye inqilabına nail olmaq, elmi-texnoloji sıçrayışa sahiblənmək olardı. Hər dəfə bu rəqəmlər qarşımıza çıxanda dərin təəssüf hissinə qapılırıq. Çünki qızıl imkanlar yarıtmaz idarəçilik sayəsində əldən çıxır. Dünyada yüzlərlə ölkə var ki, belə sərvətlərə sahib olmağı xəyal edir. Biz başqaları üçün əlçatmaz olanları, əlimizin arxasıyla itələyirik. Bütün inkişafımız rəqəmlərdə, statistikadadır. Bu qədər sərvət real inkişafa təkan vermədi, iqtisadiyyatı dünya iqtisadiyyatı relsinə salmadı.
Dövlət idarəçiliyi şəffaflıq, hesabatlılıq əsasında həyata keçirilməyəndə, nəticə yalnız sürətli geriləməyə xidmət etmiş olur.
Politfm.com