Qılı qırx yaran seçkilərin riskli gələcək vədi nədir?
Bu ilin payızı siyasi əhəmiyyətinə görə demək olar ki, bütün dünyada eyni vaxrda ən qaynar mövsüm sayıla bilər. 21 Oktyabrda Moldovada keçirilən seçkilər isə sözün əsl mənasında bir ölkə daxilində mürəkkəb geosiyasi vəziyyət yaradıb. Həm prezident seçkiləri həm də ölkənin Avrointeqrasiya yoxsa Kreml yanlı olacağını müəyyən edən referendum eyni gündə olmaqla Kişinyovu Şərqi Avropanın döyünən ürəyinə çevrirə bilib. Xalqın yarıdan azacıq çoxu- 50,30 faizi Avrointeqrasiyaya səs verib, amma bu ideyanın dəstəkçisi Maya Sanduya yetəri səs vermədiyi üçün prezident seçkisini 3 noyabra, ikinci tura saxlayıb. Yəni olduqca mürəkkəb vəziyyət yaranıb. Əvvəlcə seçkilərdə yarışan 11 namizdən əsas 6-sı ilə tanış olaq, sonra bu seçkinin əsas mürəkkəbliyi barədə fikrimizi əsaslandıracağıq.
- Maya Sandu (mövcud prezident): 42,45 faiz. O, Avropapərəst namizədlərin əsas lideridir və Moldovanın Avropa Birliyinə inteqrasiyasını prioritet hesab edir. Onun rəhbərliyi altında Moldova AB-yə üzvlük üçün müraciət etdi və 2022-ci ildə namizəd statusu aldı. Sandu bu seçkiləri ölkənin Avropaya inteqrasiyası üçün həlledici məqam kimi təqdim edir. O, islahatları dəstəkləyərək, Moldova üçün qərbyönümlü bir kurs təyin edib.
- Alexandr Stoyanoglo: 25,98 faiz. Sosialist Partiyasının namizədi olaraq, Stoianoglo digər Rusiyayönümlü namizədlərə nisbətən daha mülayim mövqedədir. Partiyası ənənəvi olaraq Avropaya inteqrasiyaya qarşı çıxsa da, Stoianoglo balanslı xarici siyasəti dəstəkləyir, həm AB inteqrasiyasına, həm də Rusiya ilə yaxşı münasibətlərə üstünlük verir.
- İrina Vlah: Gagauz muxtar regionunun keçmiş başçısı olan Vlah uzun müddət Rusiyapərəst siyasətçi kimi tanınıb. O, Moskva ilə yaxın əlaqələrə malikdir və seçki kampaniyasında Moldovanın neytrallığını vurğulayaraq ölkəni heç bir tərəfə bağlamamağı təklif edir.
- Vasile Tarlev: O, keçmiş baş nazir və korrupsiya ittihamları ilə üzləşən oliqarx İlhan Şorun yaxın müttəfiqidir. Tarlev Rusiyaya daha yaxın münasibətlərin qurulmasını müdafiə edir və onun namizədliyi Şorun siyasi gündəminin davamı kimi qiymətləndirilir.
- Renato Usati
- İon Chicu: sonuncu iki namizəd Rusiyayönümlü əlaqələri ilə tanınsalar da, indi daha ehtiyatlı mövqedədirlər və Moldovanın daxili problemlərinə daha çox diqqət ayırırlar.
Birici mürəkkəb vəziyyət
Hesab edək ki, xalq referendumda Avrointeqrasiyaya səs verdi, amma ikinci turda Sanduya deyil, başqa namizdə səs verdi. O zaman vəziyyət necə dəyişəcək? Bu məsələnin başqa bir tərəfi isə Rusiyanın Şərqi Avropanın əsas ölkələrindən birində işğalçılıq müharibəsi apardığı vaxtda belə bir balanslı səsvermə nəticəsi necə ortaya çıxa bilir? Bu toplumun Rusiyanı qıcıqlandırmaqdan qorxmasının nəticəsidir, ya AB-nin bu ziddiyyətdə özünü doğru ifadə edə bilməməsindən? Bu suala cavab kifayət qədər ciddi zərurətə çevrilib. Çünki az qala yarısının AB-ni istəmədiyi bir toplumu AB-yə qəbul etmək son dərəcə ciddi ideoloji riskdir.
Kimin şansı daha üstün görünür?
Təbii ki, Mayya Sandu sabiq prokuror Stoyanogloya nisbətdə kifayət qədər öndədir və referendumun nəticələri 3 Noyabr seçkilərinə təsirini göstərəcək. Yəni Sandu daha ciddi koalisiyalar qurmaq məcburiyyətində qalmayacaq. İkinci yerdəki namizədin isə yerdə qalan bütün səsləri özünə cəlb etmək imkanları görünmür.
Beləliklə, bu seçkilər, Maia Sandunun təmsil etdiyi Avropa Birliyi ilə əlaqələri dərinləşdirmək və ya Stoianoglo və Vlah kimi namizədlərin təklif etdiyi balanslı və ya Rusiyayönümlü yanaşma arasında seçimdir. Lakin Rusiyanın təsiri və dezinformasiya kampaniyalarının güclü olduğu bu mühitdə Moldova geosiyasi gələcəyi ilə bağlı hələ də bölünmüş vəziyyətdə qalır.
Seymur Həzi