ABŞ hərbi-nəqliyyat təyyarəsi Bağdad hava limanı yaxınlığındakı “Camp Victory” bazasında; İraq, 29 sentyabr 2026 (foto: “Reuters”/”Stringer”)
ABŞ İraqda qalan son hərbçilərini və hərbi texnikasını ölkədən çıxarıb. Bununla da 2014-cü ildə İŞİD-ə qarşı başlanmış 12 illik hərbi missiya başa çatıb.
Bu barədə “Associated Press” məlumat yayıb.
Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, ABŞ qüvvələri İraqın şimalındakı son aviabazanı planlı şəkildə tərk ediblər. Onun sözlərinə görə, bundan sonra ölkənin təhlükəsizliyinə görə əsas məsuliyyəti İraq qüvvələri daşıyacaqlar.
Çıxarılma barədə razılaşma 2024-cü ildə Co Bayden administrasiyasının dövründə əldə edilmişdi. Razılaşmanı Donald Tramp administrasiyası İranla müharibənin davam etdiyi şəraitdə həyata keçirib.
“Reuters”-ə danışan iraqlı ekspertlər hesab edirlər ki, ABŞ qüvvələrinin gedişi İrana yaxın silahlı qrupların ölkə siyasətində təsirini artırmasına və İŞİD-in gizli hücrələrinin yenidən fəallaşmasına şərait yarada bilər.
İrana yaxın hərbi qruplar bunu qələbə sayırlar
İraqlı təhlükəsizlik eksperti Casim əl-Bahadlinin fikrincə, koalisiya qüvvələrinin ölkədən çıxması İran üçün strateji üstünlük yaradır:
“Bu qüvvələr illər boyu Tehranın İraqdakı təsirinə qarşı tarazlayıcı rol oynayırdı. İndi həmin maneə aradan qalxır”.
Əl-Bahadli hesab edir ki, İrana yaxın silahlı qruplar bununla kifayətlənməyəcək, yaranmış şəraitdən istifadə edərək təhlükəsizlik və siyasi qərarların qəbulunda daha çox söz sahibi olmağa çalışacaqlar.
İranın dəstəklədiyi silahlı qrupları birləşdirən İraqda İslam Müqavimətinin komandirlərindən Əbu Müctəba əl-Yasiri ABŞ qüvvələrinin gedişini “tarixi qələbə” adlandırıb.
“Sentyabrın 30-da İraq tarixinin qara səhifəsinin bağlanmasını və işğalın öz iradəsini ölkəmizə qəbul etdirə bilməməsini qeyd edəcəyik. İraq göstərdi ki, onun suverenliyini xarici qüvvələr deyil, xalqın iradəsi və müqavimət təmin edə bilər” – o, “Reuters”-ə belə deyib.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası sədrinin müavini Əmir Həyat Müqəddəm də ABŞ qüvvələrinin çıxarılmasını alqışlayıb. Onun sözlərinə görə, amerikalılar İraqı və regionu tərk etdikdən sonra ölkədə davamlı təhlükəsizlik yaranacaq.
İraq öz təhlükəsizliyini təkbaşına təmin edə bilərmi?
ABŞ qüvvələrinin çıxması İraq əhalisinin böyük hissəsinin istəyinə uyğun olsa da, ölkənin təhlükəsizlik imkanları ilə bağlı şübhələr qalır.
Fəllucədən olan sünni qəbilə başçısı Əbdürrəhman əl-Zobai İraq qüvvələrinin bütün məsuliyyəti üzərinə götürməyə hələ hazır olmadığını düşünür:
“İraqlıların hamısı ölkənin tam suverenliyini istəyir. Buna heç kim etiraz etmir. Ancaq koalisiyanın bu şəkildə gedərək arxasında təhlükəsizlik boşluğu qoyması hamını narahat edir”.
İrana yaxın qüvvələrin güclənməsindən ehtiyatlananlar da ABŞ qüvvələrinin çıxarılmanın tələsik həyata keçirildiyini bildirirlər. Bağdad hökuməti isə dövlətə tabe olmayan silahlı qrupların təsirini azaltmağa çalışdığını deyir.
Bu, ABŞ qüvvələrinin İraqdan ikinci çıxışıdır
ABŞ qüvvələri 2003-cü ildə Səddam Hüseyn hökumətini devirmək üçün İraqa daxil olmuşdu. İşğaldan sonra ölkədə şiələrin üstünlük təşkil etdiyi yeni hökumət quruldu, ardınca uzunmüddətli silahlı müqavimət və məzhəb qarşıdurması başladı.
Amerikalı hərbçilər 2011-ci ilin sonunda İraqdan çıxmışdılar. Ancaq İŞİD ölkənin böyük hissəsini ələ keçirəndən sonra – 2014-cü ildə Bağdadın dəvəti ilə geri qayıtdılar. ABŞ-nin rəhbərlik etdiyi koalisiya 2014–2017-ci illərdə İraq qüvvələrinə İŞİD-i məğlub etməkdə kəşfiyyat, logistika və hava dəstəyi göstərdi.
2003-cü ildən sonra İraqdakı əməliyyatlarda təxminən 4.500 amerikalı hərbçi həlak olub. Bu il İranla müharibədə ölən 18 ABŞ hərbçisindən 7-si İraqda həyatını itirib.
İraq son illərdə həm ABŞ, həm də İranla yaxın siyasi və hərbi əlaqələr saxlayırdı. Bununla yanaşı, iki ölkə arasındakı qarşıdurma dəfələrlə İraq ərazisinə keçirdi. ABŞ 2020-ci ildə Bağdad hava limanı yaxınlığında endirdiyi zərbə ilə iranlı general Qasım Süleymanini öldürmüş, İrana yaxın qruplar isə ABŞ bazalarına hücum etmişdilər.
İŞİD-in gizli hücrələri ilə bağlı xəbərdarlıq
İraqın federal hökumətində və Kürdüstan bölgəsində çalışan bəzi təhlükəsizlik rəsmiləri ABŞ qüvvələrinin gedişinin İŞİD-ə yenidən toparlanmaq imkanı verəcəyini düşünürlər.
İŞİD-in əraziyə nəzarəti təxminən on il əvvəl aradan qaldırılsa da, qruplaşmanın İraqda gizli hücrələri qalır. ABŞ qüvvələri indiyə qədər də İraq ordusuna kəşfiyyat məlumatları, havadan müşahidə, logistika və dron dəstəyi verirdi.
Kürd qüvvələrinin komandiri Sirvan Bərzani bildirib ki, koalisiyanın çıxacağı elan olunandan sonra İŞİD hücrələrinin hərəkətliliyi artıb:
“İki həftədən çoxdur onların yenidən fəallaşdığını müşahidə edirik. Məncə, koalisiyanın gedəcəyi barədə xəbər onların ruh yüksəkliyini artırıb”.
İraqın təhlükəsizlik qüvvələri İŞİD-lə əlaqəli olduğu güman edilən bir qrupun qoşunların çıxması ilə eyni vaxta planlaşdırılmış intihar hücumları hazırladığını da açıqlayıblar.
Kərkükdəki təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşı, polkovnik Xalid əl-Bayati bildirib ki, İŞİD “hələ də güclü olduğunu və qanlı hücumlar törədə bildiyini göstərməyə çalışır”.
“Politfm”



