Foto: “Foreign Policy”
Xarici işlər nazirlərinin iyul ayında Manilada keçirilən toplantısında ABŞ-nin dövlət katibi Marko Rubio Tehranın müharibənin ağır nəticələri ilə üzləşdiyini demiş və İranın təbliğat materiallarını istehzayla “axmaq “Lego” videoları” adlandırmışdı.
Əslində, jurnalistlər Rubiodan həmin videolar barədə soruşmamışdılar. Rubionun beynəlxalq təhlükəsizlik toplantısında təxminən on nəfərlik bir qrupun hazırladığı cizgi filmlərindən söz açması kampaniyanın artıq Vaşinqtonun diqqətini çəkdiyini göstərirdi.
Rubionun sözlərindən bir neçə saat sonra həmin qrup onu “Balaca Marko” kimi təqdim edən yeni video yaydı. Beləliklə, ABŞ rəsmisinin İran təbliğatını kiçiltmək məqsədilə dediyi sözlər kampaniyaya yeni mövzu və daha geniş auditoriya qazandırdı.
Corc Meyson Universitetinin müəllimi, silahlı və radikal qrupların təbliğat metodlarını araşdıran Məhəmməd əl-Cövhəri “Foreign Policy” nəşrində dərc olunan məqaləsində yazır ki, bu videoları mənasız internet əyləncəsi saymaq ciddi səhvdir. Onlar süni intellektin dövlət təbliğatını necə ucuzlaşdırdığını, sürətləndirdiyini və izlənilməsini çətinləşdirdiyini göstərir.
Tramp, Oval kabinet və İran raketləri
Bu silsilənin ilk videosu internetə martda yerləşdirilmişdi. Orda “Lego” fiquru kimi təsvir edilən Donald Trampın Oval kabinetdə yuxudan hövlnak oyanması, ardınca da İran raketlərinin ABŞ hərbi gəmisini vurması göstərilirdi.
Bir çox izləyici əvvəlcə bunu adi internet zarafatı hesab etsə də, həmin video bir neçə gün ərzində milyonlarla dəfə izlənmişdi.
Onu İranda fəaliyyət göstərən “Akhbar Enfejari” – “Partlayıcı xəbərlər” adlı kiçik media qrupu hazırlamışdı.
Təxminən on nəfərdən ibarət kollektiv nə bahalı studiyadan, nə də xüsusi avadanlıqdan istifadə edir. Videolar geniş istifadəçi kütləsi üçün nəzərdə tutulan adi kompüterlər və süni intellekt proqramları ilə hazırlanır.
Qrup sonrakı aylarda yüzdən çox video yayıb. Bu materiallar “X”, “YouTube”, “Instagram” və “Telegram”-da paylaşılıb, bəzi səsyazmaları isə “Spotify” platformasına yerləşdirilib.
“YouTube” apreldə qrupun kanalını bağlasa da, videolar yayılmaqda davam edib. Başqa hesablar onları köçürüb müxtəlif platformalara yerləşdiriblər. Kanal sonradan bərpa olunub. Qrupun hazırda “TikTok”, “SoundCloud”, “Rumble”, “UpScrolled”, “Threads”, “Pinterest” və “Bluesky”-da da hesabları var.
Süni intellekt təbliğat maşınını bir otağa sığdırır
Yüksək səviyyəli təbliğat əvvəllər böyük heyət tələb edirdi. Komandada mətn müəllifləri, tərcüməçilər, dizaynerlər, animatorlar, video redaktorları, materialın yayılmasına cavabdeh şəxslər olurdu.
Məsələn, Rusiyanın ABŞ-dəki 2016-cı il prezident seçkisinə müdaxilədə ittiham olunan, Sankt-Peterburqda yerləşən İnternet Araşdırmaları Agentliyində yüzlərlə əməkdaş çalışırdı. İŞİD-in “Əl-Həyat” media mərkəzinin isə müharibə bölgəsində daimi iş yeri, avadanlığı və istehsal imkanları vardı.
Bu cür quruluş güclü təbliğat aparmağa imkan versə də, arxasınca iz buraxırdı. İşçilər, binalar, maliyyə əməliyyatları və texniki vasitələr kampaniyanın arxasında kimlərin dayandığını müəyyənləşdirməyə kömək edirdi.
Süni intellekt bu işi həm ucuzlaşdırıb, həm də asanlaşdırıb. Bir neçə nəfər indi mətn yaza, onu müxtəlif dillərə çevirə, görüntü və musiqi hazırlaya, personajları canlandıra və hazır videonu bir neçə saat ərzində internetə yerləşdirə bilir.
Bu, kampaniyanın arxasındakı qüvvəni gizlətməyi asanlaşdırıb. Xaricdəki izləyicilər rəsmi dövlət təbliğatına, adətən, şübhəylə yanaşırlar. Mesajı sıravi insanların təşəbbüsü kimi göstərmək üçünsə əvvəllər geniş və bahalı gizli şəbəkə lazım idi. Süni intellekt kiçik bir qrupa həm keyfiyyətli video hazırlamaq, həm də onu adi internet yaradıcılığı kimi təqdim etmək imkanı verir.
Bir qrup, iki taktika
“Akhbar Enfejari”-nin ən diqqətçəkən cəhətlərindən biri eyni vaxtda iki tamamilə fərqli xətt üzrə işləməsidir.
İngilisdilli “Lego” videoları İranın rəsmi təbliğatına onsuz da etibar etməyən xarici izləyicilərə hesablanıb. Bu videolar həmin insanları İran hakimiyyətinin tərəfdarına çevirməyə çalışmır. Onların diqqətini çəkmək, güldürmək və videonu paylaşmağa sövq etmək kifayət edir.
Farsdilli videolarda isə zarafat və istehza yoxdur. Burada şiə matəm mərasimlərinə xas növhə və lətmiyələr səslənir, İmam Əli və Kərbəla hadisəsi xatırladılır. İran–İraq müharibəsindən hakimiyyətin leksikonuyla – “Müqəddəs müdafiə” kimi danışılır. Livanda zərər çəkmiş mülki şəxslər və Minabda öldürülən şagirdlər də ortaq mübarizənin qurbanları kimi təqdim olunur.
Kərbəla faciəsini və müharibədə ölənləri ingilisdilli videolardakı məsxərəçi “Lego” üslubunda göstərmək mümkün olmazdı. Bu, dini və tarixi hadisələrin ciddiliyini azalda bilərdi. Ona görə də farsdilli videolarda yumorun yerini hüzn, müqavimət, fədakarlıq və tarixi yaddaş tutur.
Beləliklə, eyni kiçik qrup xarici izləyiciyə istehza ilə, ölkə daxilindəki tərəfdarlara isə dini və milli duyğular vasitəsilə müraciət edir. Əvvəllər bu qədər fərqli auditoriya üçün belə sürətlə material hazırlamağı ancaq böyük media qurumu bacara bilərdi.
Tramp əvvəl kef məclisində, sonra kəllə qalağının içində göstərilir
İngilisdilli videolarda hadisələr müəyyən ardıcıllıqla inkişaf edir. Tramp və ABŞ-nin başqa yüksək vəzifəli şəxsləri əvvəlcə dəbdəbə və əyləncə içində göstərilir. Sonra onların vəziyyəti əxlaqi pozğunluqla əlaqələndirilir, ardınca fiziki baxımdan eybəcərləşdirilir və sonda ABŞ nizamının çöküşünü təmsil edən obrazlara çevrilirlər. Videolardan birində Tramp kəllə qalağının arasından çıxır.
Ceffri Epşteyn və “İlluminati” ilə bağlı rəmzlər də videolara təsadüfən salınmayıb. Bu mövzular Qərbdəki sağçı, hakim siyasi sistemə inanmayan və sui-qəsd nəzəriyyələrinə meyilli internet çevrələrində geniş yayılıb. İranlı müəlliflər həmin izləyicilərə onların nədən şübhələndiyini bildiklərini və başqalarının gizlətdiyi məsələlərdən danışdıqlarını göstərməyə çalışırlar.
Videolardakı coğrafi və hərbi detallar da diqqətlə seçilir. Hörmüz boğazı, Dubaydakı “Bürc əl-Ərəb” hoteli və müxtəlif raket sistemləri öz adları ilə göstərilir. Belə xırdalıqlar hətta fantastik süjetə də gerçəklik təsiri verir.
Oyuncaq fiqurlardan istifadə zorakılığı zərərsiz bir şey kimi göstərir
“Lego” üslubunun seçilməsi təsadüfi deyil. Bu oyuncaqlar bütün dünyada tanınır, uşaqlıq və əyləncə ilə əlaqələndirilir, özlüyündə siyasi məna daşımır.
Raket zərbəsi, yanan bina və ölən insanlar adi görüntüdə zorakı və sarsıdıcı təsir bağışlayır. Eyni səhnələr oyuncaq fiqurlarla göstəriləndə isə qara yumora və parodiyaya çevrilir. İzləyici videonu təbliğat kimi yox, əyləncəli və ya qəribə internet materialı kimi qəbul edir.
Bu üslub internet üçün də yeni deyil. “Lego” fiqurları ilə çəkilən və “brickfilm” adlandırılan parodiyalar, döyüş səhnələri və qısa filmlər “YouTube”-da uzun illərdir ki, yayılır. İranın videoları ilk baxışda həmin tanış janrın davamı kimi görünür.
Elə buna görə də “YouTube” həmin kanalı zorakı məzmuna görə yox, spam və aldadıcı fəaliyyətlə bağlı qaydaları pozduğu üçün bağlamışdı. Zorakılığı müəyyənləşdirmək üçün qurulan sistemlər oyuncaq fiqurlarla göstərilən raket və ölüm səhnələrini təhlükəli məzmun kimi tanımır.
İzləyici də belə videonu paylaşanda özünü İran təbliğatına dəstək verən biri kimi hiss etmir. O, başqalarına sadəcə siyasi zarafat və ya istehzalı kontent göstərdiyini düşünür. Həmin materialla birlikdə İranın istədiyi mesaj da yayılır.
Məqsəd izləyicinin öz ölkəsinə inamını sarsıtmaqdır
Bu videoların təsirli olması üçün izləyici onların dediyinə inanmalı deyil. Görüntünün süni intellektlə hazırlandığını və siyasi məqsəd daşıdığını bilmək də onun paylaşılmasına mane olmur.
Dezinformasiya ilə bağlı araşdırmalar göstərir ki, insan eşitdiyi iddianı qəbul etməsə də, belə materiallarla davamlı qarşılaşmaq onun dövlətə, mediaya və siyasi qurumlara inamını azalda bilər.
İranın məqsədi Qərbdə özünə yeni tərəfdarlar toplamaqdan daha çox, qarşı tərəfdə ictimi etimadı aşındırmaqdır. Videonu görən şəxs “İran haqlıdır” qənaətinə gəlməyə bilər. Ancaq ABŞ rəhbərliyinə, mediaya və mövcud siyasi sistemə əvvəlkindən daha çox şübhəylə yanaşa bilər. Videoların zarafat dili bu işi asanlaşdırır. İzləyici siyasi təbliğat materialı paylaşdığını yox, hakimiyyətə gülənlərdən biri olduğunu düşünür. Beləliklə, təbliğat onun müqaviməti ilə üzləşmədən yayılır.
Rubionun reaksiyası bunun ən yaxşı nümunəsidir. ABŞ dövlət katibi həmin videoları mənasız adlandırmaqla onları beynəlxalq siyasətin ən yüksək səviyyəsində müzakirə mövzusuna çevirib. Qrup da bu diqqəti yeni videoya çevirərək Rubionun özünü hədəf seçib.
Bir milyarddan çox baxış
İranla əlaqəli iki şəbəkədəki paylaşımlar müharibənin ilk ayında “X” platformasında bir milyarddan çox baxış toplayıb. Materialların bu qədər geniş yayılmasında İran və Rusiya diplomatlarının hesabları böyük rol oynayıb.
“Akhbar Enfejari” isə cəmi bir neçə əməkdaş və adi avadanlıqla ancaq böyük dövlət mediası üçün əlçatan olan nəticəyə yaxınlaşıb.
İran Xarici İşlər Nazirliyi qrupla əlaqəsini rəsmən təsdiqləmir. Amma qrup özü sifarişçilərindən birinin İran hökuməti olduğunu bildirib. Bu üsul hakimiyyətə videolardan faydalanmaq, eyni zamanda onların hazırlanmasına görə məsuliyyəti açıq şəkildə üzərinə götürməmək imkanı verir.
“Lego” üslubu artıq həmin qrupun nəzarətindən çıxaraq müstəqil şəkildə yayılmağa başlayıb. Həm minlərlə izləyicisi olan hesablar, həm də adi istifadəçilər qrupun videolarını paylaşır və özləri də ABŞ siyasətini məsxərəyə qoyan videolar hazırlayırlar.
Rubionun “axmaq” adlandırdığı videolardan Tramp da istifadə edir
Öz siyasi mesajlarını ABŞ rəhbərliyi də süni intellektlə hazırlanmış görüntülər vasitəsilə yayır.
Tramp sosial şəbəkə hesablarında dəfələrlə belə materiallar paylaşıb. Son nümunələrdən biri Xark adasına zərbə endirilməsini göstərən saxta video idi. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Tramp bu yolla iranlılara mesaj göndərdiyini demişdi.
“Lego” videoları da eyni məntiqlə işləyir. Görüntünün həqiqəti əks etdirməsi əsas şərt deyil. Onun geniş yayılması, qarşı tərəfin diqqətini çəkməsi və nəzərdə tutulan hissi oyatması kifayətdir.
Belə çıxır ki, Marko Rubionun “axmaq” adlandırdığı üsuldan Vaşinqton özü də istifadə edir.
Hesabı bağlamaq vəziyyəti dəyişmir
Sosial şəbəkələr belə fəaliyyətə qarşı, adətən, hesabı və ya kanalı bağlamaqla mübarizə aparırlar. Ancaq videoların əsl gücü onların yerləşdirildiyi ilk hesabdan qaynaqlanmır.
Həmin materialları dövlət mediası, diplomatlar, siyasi tərəfdarlar və videonu sadəcə maraqlı hesab edən adi insanlar yayırlar. İlk kanal bağlansa belə, onların surəti başqa hesablarda qalır.
Qrup bəzi videolara başqa səhifələrə aparan QR-kodlar da yerləşdirib. Video köçürülərək yeni hesabda paylaşılsa belə, həmin kod izləyicini yenidən kampaniyaya bağlı kanallara yönəldir.
Videonun süni intellektlə hazırlandığını bildirən nişanlar da problemi həll etmir. Görüntü insanda güclü hiss yaradıbsa, üzərindəki xəbərdarlıq onun paylaşılmasını dayandırmır. Eyni videonun saysız-hesabsız variantını hazırlamaq mümkün olduğu üçün hər birini ayrıca silmək də nəticə vermir.
Faktların yoxlanması variantı da bu üsul qarşısında yetərsiz qalır. Çünki videoların çoxunda yoxlanıla biləcək konkret iddia yoxdur. Onlar həqiqət kimi qəbul edilmək üçün deyil, tamaşaçıya müəyyən hiss aşılamaq üçün hazırlanır.
Təhlükə videolarda yox, asanlıqla yayıla bilən üsuldadır
Məhəmməd əl-Cövhəri hesab edir ki, bu hadisəyə bir neçə uğurlu videodan ibarət kampaniya kimi baxmaq olmaz. Qarşımızda yeni təbliğat üsulu var.
Videolarda təkrarlanan süjetlər, hədəf seçilən izləyicilər və mesajların zamanla necə dəyişdiyi ardıcıl araşdırılmalıdır. Materialı ilk dəfə paylaşan hesabdan daha çox, onu geniş kütləyə çatdıran diplomatların, dövlət mediasının və tərəfdar şəbəkələrinin fəaliyyəti izlənməlidir.
Ən çətin dəyişiklik isə belə kontentlərə cavab vermək vərdişindən əl çəkməkdir. O videoların gücü irəli sürdüyü iddiada deyil, izləyici ilə yaratdığı yaxınlıq hissindədir. İzləyici özünü hakimiyyətin gizlətdiyi həqiqəti bilən çevrənin üzvü sayır. İstehzalı təqdimat isə imkan verir ki, materialı paylaşması siyasi mövqe kimi yox çox, zarafat kimi görünsün.
“Akhbar Enfejari”-nin hesabı bir dəfə bağlanıb, amma yaratdığı üslub yaşamaqda davam edib. Həmin üsul artıq İran müharibəsinə heç bir aidiyyəti olmayan şəxslər tərəfindən də təkrarlanır.
Əsas təhlükə qrupun özündən daha çox, onun yaratdığı modeldir. İndi başqa bir dövlət, siyasi təşkilat və ya hansısa radikal qrup da kiçik komanda, adi kompüter və süni intellekt proqramları ilə böyük bir televiziya kanalının çatdığı qədər insana təsir göstərə bilər.
Bu baxımdan İranın “Lego müharibəsi”ni keçici internet dəbi saymaq olmaz. “Akhbar Enfejari”-nin başlatdığı kampaniya yaxın gələcəkdə təbliğatın necə hazırlanacağını və yayılacağını göstərir: videoları az sayda insan hazırlayacaq, mənbəyini müəyyənləşdirmək çətinləşəcək, yayılmasını isə əyləndiyini düşünən adi insanlar təmin edəcəklər.
“Politfm”



