Ana Səhifə Manşet Gürcüstanın tarixi dilemması

Gürcüstanın tarixi dilemması

10
Saakaşvilidən öncə və sonra 
Bəşəriyyətin önəmli bir kəsimi, xristian dünyası üçün tarix iki yerə bölünür: İsanın doğuluşundan (Milad) öncə və sonra.
Gürcüstanın müstəqillik tarixini tərəddüd etmədən iki yerə, Saakaşvilidən öncə və sonra deyə biləcəyimiz hissələrə bölə bilərik.
Sovet İttifaqının çöküşü ərəfəsində Cənubi Qafqaz respublikaları arasında qərbyönümlü siyasət kursu seçəcəyi gözlənilən respublika Ermənistan idi. ABŞ və Fransada böyük erməni icmasının mövcudluğu, ermənilərin daha müstəqil dini struktura malik olmaları Ermənistanın qərbyönümlü siyasət aparacağını ehtimal etməyə əsas verirdi. Sovet İttifaqının bütövlüyünü qoruyub saxlaya bilməyəcəyinə əmin olan Moskva imperiyanın əyalətlərini təsir dairəsində saxlamaq üçün xalqlar arasında düşmənçilik salmağa qərar verərək separatizmi körükləməyə başladı. Ermənistanda separatizmə qarşı çıxmış edən və Azərbaycanla münasibətləri korlamağın ermənilərin ziyanına olduğunu bəyan etməkdən çəkinməyən, erməni cəmiyyətində ən populyar siyasi lider olan Paruyr Hayrikyan Sumqayıt hadisələrinə görə Moskvanı ittiham etdikdən sonra vətəndaşlıqdan məhrum edərək, Efiopiyaya deportasiya edildi. Bununla da Ermənistanda qərbyönümlü qüvvələr zəiflədildi və Azərbaycana qarşı düşmənçilik təbliğ edən qüvvələrin önü açıldı. Ermənistan Azərbaycanla bu gün də davam edən düşmənçiliyə yuvarlanaraq Rusiyadan uzaqlaşmaq və qərbyönümlü siyasət seçmək imkanından məhrum oldu.
Sovet İttifaqı dağılanda Gürcüstan və Azərbaycanda qərbyönümlü siyasi kurs tərəfdarı güclü siyasi lider yox idi. Ona görə də Baltikyanı respublikalardan fərqli olaarq Cənubi Qafqaz respublikaları qərbyönümlü siyasi kurs seçə bilmədilər.
Gürcüstan Moskvanın yaratdığı etnik separatizm nəticəsində SSRİ dağılan zaman artıq ərazilərinin bir hissəsinə nəzarəti itirmişdi. Etnik separatizmin körüklədiyi gürcü millətçiliyi isə cəmiyyətin daha da parçalanmasına səbəb olmuşdu. Bunun nəticəsində Abxaziya, Cənubi Osetiya, Acarıstan, Svanetiya və Pankisi dərəsi üzərində nəzarət itirildi. Zviad Qamsaxurdiya hakimiyyətinə qarşı silahlı qiyam və demokratik yolla seçilmiş prezidentin hakimiyyətdən devrilməsinin nəticəsində Tbilisi faktiki olaraq ölkənin böyük hissəsinə nəzarəti itirdi. Gürcüstan cinayət və narkomaniyanın meydan suladığı məkana çevrildi. O zaman Gürcüstanda cinayət və narkomaniyanın miqyası elə həddə çatmışdı ki, dünyanın əksər siyasi mərkəzlərində Gürcüstanın mövcudluğunu qoruyub saxlayacağı ilə bağlı əsaslı şübhələr vardı.
Gürcüstanda elə bir cinayətkar mühit formalaşmışdı ki, bir araşdırmada deyildiyi kimi Manqlisidən 60 kilometr məsafədə yerləşən Tbilisiyə avtomobili itkisiz sürmək mümkün deyildi.
Gürcüstanın tarixində yeni mərhələnin başlanğacı olan “Qızıl gül” inqilabından bir neçə ay öncə ABŞ-ın demokratik institutları Tbilisidə orta məktəblərin sonuncu sinif şagirdləri arasında bir rəy sorğusu keçirmişdilər. Şagirdlərə ünvanlan sual orta məktəbi bitirdikdən sonra hansı peşə sahibi olmaq istədiklərini müəyyən etməli idi. Şagirdlərin suala cavabı rəy sorğusu keçirənləri şoka salmışdı. Çünki, oğlanların seçimi arasında ön sırada “Qanuni oğru” olmaq istəyi gəlirdi. Sovet İttifaqının zamanında Gürcüstan sovet ədliyyə sisteminin məhsulu olan “Qanuni oğru”ların vətəni hesab olunub. Sovet İttifaqı dağılandan sonra cinayət aləminin bu institutu Gürcüstanda əsas söz sahibinə çevrilmişdi. Tbilisidə orta məktəblərin sonuncu sinif şagirdləri arasında aparılan soğu zamanı qızların seçimi arasında önə çıxan seçimi haqqında burada bəhs etməyi uyğun hesab etmədiyim üçün qeyd etmirəm. Bütün bu mənzərə cəmiyyətin necə bir bataqlıq girdabına düşdüyünü göstərirdi.
Bu rəy sorğusundan bir neçə ay sonra Mixail Saakaşvili gürcü cəmiyyətinin passionar hissəsini toparlamağa və vətənini xilas etməyə nail ola bildi.
Nüfuzlu Transparency İnternational (TI) təşkilatınn 180 ölkədə 2022-ci il üçün Korrupsiyanı Qavrama İndeksi ilə bağlı hesabatında qeyd edilir ki, yüksək səviyyəli (elita) korrupsiya və onunla mübarizə aparmaq üçün siyasi iradənin olmaması Gürcüstanın problemi olaraq qalır. Təşkilatın fikrincə, son 10 ildə Gürcüstanda korrupsiya ilə mübarizədə “durğunluq” müşahidə olunur. Transparency İnternational-ın korrupsiya ilə mübarizədə “durğunluq” adlandırdığı zaman isə Gürcüstanın hazırkı iqtidarı “Gürcü arzusu-Demokratik Gürücüstan” partiyasının iqtidara gəldiyi 2012-ci ildən 2022-ci ili əhatə edir.
Mixail Saakaşvilinin iqtidarda olduğu 9 il ərzində həyata keçirdiyi islahatlar nəticəsində Gürcüstan krrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 41-ci yerdədir. Gürcüstan korrupsiyanın aşağı səviyyəsinə görə Çexiya, İtaliya və Sloveniya ilə birlikdə 180 ölkə arasında 41-ci yeri bölüşür. Yəni, Gürcüstanla İtaliyada korrupsiya eyni səviyyədədir.
Baltikyanı respublikalar, Estoniya, Latviya və Litva istisna olmaqla digər postsovet respublikalarının hamısında korrupsiya Gürcüstandan yüksəkdir. Hətta Şərqi Avropada yerləşən Ukrayna, Moldova və Belarus belə Gürcüstandan çox geridə qalırlar.
Mixail Saakaşvili Gürcüstanı bataqlıq girdabından xilas edərək onu Çexiya, İtaliya və Sloveniya səviyysəinə çıxardı. Mixail Saakaşvilidən sonra isə “Gürcü arzusu” iqtidarı zamanda Grcüstanda yüksək səviyyəli korrupsiya çiçəklənməyə başladı. Bunun nəticəsidir ki, nüfuzlu Transparency İnternational Gürcüstanda kleptokratiyanın bərqərar olmasından danışmağa başlayıb.
Saakaşvili Gürcüstanı “qanuni oğru”lardan xilas etdi, ondan sonra isə Gürcüstanda oğruların hakimiyyəti bərqərar olub.
Gürcüstanın müstəqillik tarixi beləcə iki hissədən ibarətdir, Saakaşvilidən öncə və sonra.
Xəqani Cəfərli