Foto: IRNA
İranın xarici işlər naziri Abbas Əraqçi İran Prezidenti Məsud Pezeşkianın qonşu ölkələrlə münasibətlərə və xüsusilə dialoqa verdiyi əhəmiyyətdən danışıb. O, İran-Azərbaycan münasibətlərinin Pezeşkianın Azərbaycan Prezidenti ilə birbaşa ünsiyyəti nəticəsində müsbət istiqamətdə dəyişdiyini bildirib.
Bu barədə IRNA məlumat yayıb.
Agentlik Əraqçinin iranlı sənədli film rejissoru və tədqiqatçı Cavad Moqouinin hazırladığı “Müharibə macərası 2” proqramındakı müsahibəsinə istinadən yazır ki, nazir Pezeşkianın islam ölkələri arasındakı birliyə inanır, qonşu ölkələrin liderləri ilə keçirdiyi çoxsaylı görüşlərdə islam ümmətinin birliyinin vacibliyini vurğulayır:
“Doktor Pezeşkian mənim iştirak etdiyim görüşlərdə daim belə deyirdi: ‘Niyə biz bir-birimizlə əməkdaşlıq etməyək? Niyə islam ölkələri Avropa ölkələri və Avropa İttifaqına bənzər vahid bir qrup halında birləşməsinlər? Məsələn, niyə İslam ölkələri arasında dəmir yolu xətti çəkməyək?’”
Əraqçinin sözlərinə görə, Pezeşkian müsəlmanların Məkkəyə, İraqa, Məşhədə və digər ziyarət məkanlarına gedə bilməsi üçün islam ölkələrini birləşdirən dəmir yolu və ya ziyarət marşrutunun yaradılmasını təklif edib.
Görüşdüyü prezidentlərindən biri İslam ümmətinin artıq mövcud olmadığını iddia edib, amma Pezeşkian bununla razılaşmayıb, daha sıx ünsiyyət və əməkdaşlıq vasitəsilə islam birliyinin yenidən canlandırılmasının mümkün olduğunu əsaslandırıb.
Azərbaycanla münasibətlər
Əraqçi Pezeşkianın qonşu ölkələrlə münasibətlərdə birbaşa ünsiyyətə xüsusi əhəmiyyət verdiyini bildirib.
O, İran prezidentinin İraq Kürdüstanına səfəri zamanı ətrafındakı insanlarla kürd dilində danışmasını xatırladaraq bunun həmin regionda müsbət qarşılandığını və İranın regionla münasibətlərinə ciddi təkan verdiyini deyib.
Nazir daha sonra İran-Azərbaycan münasibətlərinə toxunub:
“Müəyyən problemlərlə müşayiət olunan münasibətlərimiz cənab Pezeşkianın Azərbaycana səfəri zamanı, Azərbaycan prezidenti ilə qurduğu birbaşa ünsiyyət sayəsində tamamilə dəyişdi”.
“Son müharibə zamanı Azərbaycan Respublikası ilə münasibətlərimizdə müəyyən problem yarandı və bu, münasibətlərimizi bir qədər korladı. Cənab Pezeşkianın Azərbaycan prezidenti ilə əlaqə saxlaması, Azərbaycan dilində səmimi salamlaşması və bir neçə Azərbaycan atalar sözündən istifadə etməsi vəziyyəti tamamilə dəyişdi” – Əraqçi belə deyib.
Qonşu ölkələrin İrana dəstəyi
Nazir 12 günlük müharibənin Tehranla qonşu ölkələr arasındakı münasibətlərə də təsir etdiyini bildirib.
“On iki günlük müharibə qonşularımızla münasibətlərimizi əhəmiyyətli dərəcədə genişləndirdi və gücləndirdi. Həmin müharibə zamanı bütün qonşularımız sionist rejimin hücumunu pislədilər, bizi dəstəklədilər, İran xalqına yardım göstərdilər və öz töhfələrini verdilər” – deyə Əraqçi bildirib.
Onun sözlərinə görə, 40 günlük müharibə zamanı isə ABŞ-nin müharibəyə qoşulması səbəbindən vəziyyət müəyyən qədər dəyişib və bəzi ölkələrdə narahatlıqlar yaranıb. Müharibənin regiona yayılmasından sonra İranın Fars körfəzinin cənub sahilində yerləşən ölkələrlə münasibətləri də gərgin mərhələyə keçib.
Əraqçi digər qonşu ölkələrlə münasibətlərin isə yaxşı olaraq qaldığını bildirib.
“Biz Mərkəzi Asiya, Qafqaz, ölkənin şərqində Əfqanıstan və Pakistan, qərbində isə Türkiyə və İraq daxil olmaqla, digər qonşu ölkələrlə yaxşı münasibətlərimizi davam etdiririk” deyə, nazir qeyd edib.
Əraqçi deyib ki, bu ölkələr müharibə zamanı İrana əhəmiyyətli yardım göstəriblər, o cümlədən zəruri məhsulların və dərman vəsaitlərinin təmin edilməsində və iranlıların səfərlərinin həyata keçirilməsində əməkdaşlıq ediblər.
“Onların əməkdaşlığı bizim yaddaşımızda əbədi qalacaq” – Əraqçi belə deyib.
“Politfm”



