Tayvan Prezidenti Lay Çing-te (foto: “The National”)
Tayvan Prezidenti Lay Çinq-te mərkəzi hökumətin 2027-ci il üçün büdcə layihəsinin artıq hazır olduğunu açıqlayıb.
Bu barədə ABŞ-nin “The National” jurnalı məlumat yazıb.
Bildirilir ki, gələn il ölkədə yaşayan hər kəsə büdcə çərçivəsində 10 min Tayvan dolları məbləğində birdəfəlik nağd ödəniş verilməsi planlaşdırılır. Bu məqsədlə 235,7 milyard Tayvan dollar məbləğində vəsait ayrılacaq.
Bu üsulla hökumət süni intellekt, yarımkeçiricilər və istehsal-təchizat zəncirlərinin inkişafı hesabına əldə olunan iqtisadi artımdan cəmiyyətin bütün təbəqələrinin yararlanmasını təmin etmək istəyir.
Belə bir qərarın qəbuluna Tayvan iqtisadiyyatının son dövrdəki yüksək artımı imkan verib.
Ölkə iqtisadiyyatı ilin ilk altı ayında 14,15% artıb. İlin yekununda isə böyümənin 11,05% olacağı gözlənilir. Bu, son 39 ildə qeydə alınacaq ən yüksək göstərici olacaq.
Hökumət hesab edir ki, iqtisadi artımın əsasən texnologiya sektorunda cəmlənməsi digər sahələrdə çalışan insanların bu inkişafdan eyni dərəcədə faydalanmaması ilə nəticələnə bilər. Xüsusilə xidmət sektorunda çalışanlar və kiçik və orta müəssisələr bu baxımdan diqqət mərkəzindədir.
Bu səbəbdən əhaliyə nağd ödənişlərin verilməsi yaşayış xərclərinin yaratdığı yükü azaltmaq, ailələrə maddi dəstək vermək və ölkə daxilində istehlakı canlandırmaq üçün əsas tədbirlərdən biri hesab olunur.
Proqram daimi yaşayış icazəsi olan xarici vətəndaşlara və xarici vətəndaşlarla ailə quran şəxslərə də şamil ediləcək. Bununla hökumət ölkə iqtisadiyyatının inkişafına töhfə verən bütün insanları nəzərə aldığını göstərir.
Tayvan hökuməti büdcə siyasətində fiskal intizamın qorunacağını da vurğulayıb. Nağd ödənişlərin maliyyələşdirilməsi zamanı dövlət gəlirləri ilə xərcləri arasında tarazlıq saxlanılacaq və dövlət borcunun artmasına yol verilməyəcək. Məqsəd əlavə maliyyə yükünün gələcək nəsillərin üzərinə düşməsinin qarşısını almaqdır.
2027-ci ilin büdcəsi ölkənin inkişafı ilə bağlı daha beş milli strategiyanı da əhatə edir. Bunlara ailə institutunun dəstəklənməsi, milli təhlükəsizliyin gücləndirilməsi, “Smart Nation 2.0”-a keçid, infrastrukturun inkişaf etdirilməsi, eləcə də tayvanlıların həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması məqsədilə yerli hakimiyyət orqanlarına büdcədən vəsait ayrılmasıdır.
Tayvanın əhaliyə əlavə ödənişlər edilməsi ilə bağlı qərarı Taylandın vəziyyəti ilə müqayisədə xüsusilə maraqlı nümunədir.
Tayland iqtisadiyyatın bərpası və bunun üçün lazım olan maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşdiyi halda, Tayvan süni intellekt kimi sahələrin ölkəyə qazandırdığı əlavə gəlirlərdən yararlanaraq bunu əhali ilə bölüşə bilir. Üstəlik, hökumət fiskal intizamı borc almağa ehtiyac duymadan qoruyur.
“Politfm”



