Foto: Endryu Harnik/”Getty İmages”

 

 

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin sayı onun prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb. Eyni zamanda, amerikalıların böyük əksəriyyəti ABŞ-nin İranla müharibəsinin uzun müddət davam edəcəyini düşünür.

Bunlar “Reuters/Ipsos”-un bazar ertəsi başa çatan sorğusunun nəticələridir.

Dörd gün ərzində keçirilən sorğuda iştirak edənlərin yalnız 33%-i Trampın Ağ Evdəki fəaliyyətini dəstəklədiyini bildirib, 64%-i isə onun fəaliyyətini bəyənmədiyini deyib.
Trampın reytinqi bu ayın əvvəlində keçirilən sorğudakı 35%-lik göstəricidən də aşağı düşüb və onun hazırkı prezidentlik müddətində indiyədək qeydə alınmış ən aşağı səviyyəyə çatıb. Eyni zamanda, bu, Trampın əvvəlki prezidentlik müddətində, 2017-ci ilin dekabrında qeydə alınmış ən aşağı reytinq göstəricinin eynidir.

Tramp 2025-ci ildə Ağ Evə qayıdanda amerikalıların yarısından bir qədər azının dəstəyinə malik idi. Lakin bu il onun populyarlığı ABŞ-nin İsraillə birlikdə İrana hücum qərarından sonra azalmağa başlayıb. Bunun ardınca başlayan münaqişə qlobal neft ticarətinin beşdə birini iflic edib və benzinin qiymətinin kəskin artmasına səbəb olub. Bu isə noyabrda keçiriləcək Konqres seçkilərində çoxluğunu qorumağa çalışan Respublikaçılar Partiyasına əlavə təzyiq yaradır.

Tramp prezident seçkisi kampaniyası zamanı inflyasiyanı nəzarətdə saxlayacağına və uzunmüddətli müharibələrdən yayınacağına söz vermişdi. O, əvvəlcə İranla münaqişənin bir neçə həftə davam edəcəyini bildirmişdi. Lakin İranın müqaviməti gözlənildiyindən daha güclü oldu və münaqişə səngisə də, Tehran Hörmüz boğazından keçən neft ticarətini böyük ölçüdə məhdudlaşdırmağa davam edir.

Sorğunun nəticələrinə görə, amerikalıların təxminən 80%-i ABŞ-nin İran münaqişəsində iştirakının “uzun müddət davam edəcəyini” düşünür. Bu fikri demokratların 87%-i və respublikaçıların 71%-i bölüşür. Respondentlərin yalnız 16%-i münaqişənin, böyük ehtimalla, bir neçə həftə ərzində başa çatacağını düşünür.

Tramp benzinin bahalaşmasına haqq qazandırır

Tramp cümə günü Nyu-York ştatının Qarden-Siti şəhərində keçirilən siyasi mitinqdə bildirib ki, “benzinə bir qədər çox pul ödəmək” İran kimi “çox pis” bir ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq üçün ödənilməli qiymətdir. Bu onun müharibəyə başlamaq üçün irəli sürdüyü əsas arqumentlərdən biridir.

Münaqişə boyunca Tramp dəfələrlə mövqeyini dəyişib – gah eskalasiyanı artıracağını, gah da sülh sazişinin yaxın zamanda imzalanacığını deyib.
Amerikalıların yalnız beşdə biri hesab edir ki, buna görə müharibə etməyə dəyər. Respublikaçılarınsa yarısı bu fikri dəstəkləyir.

Müharibəyə və benzinin bahalaşmasına görə narahatlıq noyabrın 3-də keçiriləcək aralıq seçkilərində Nümayəndələr Palatasında cüzi çoxluğunu qorumağa çalışan respublikaçıları narahat edir. Demokratlar isə Senatda da üstünlük əldə etmək imkanlarının artdığını düşünürlər.

“Reuters/Ipsos”-un bu ay keçirilən sorğuların nəticələri göstərib ki, seçicilər iqtisadiyyatı daha yaxşı idarə edəcək partiya kimi respublikaçılardan daha çox demokratlara üstünlük verirlər – təxminən on ildən sonra ilk dəfə.

Son sorğuda seçicilərin 38%-i iqtisadiyyatı demokratların daha yaxşı idarə edəcəyini düşündüyünü bildirib, respublikaçılara üstünlük verənlərin payı isə 35% olub. Demokratlar həmçinin yaşayış xərclərinin idarə olunması məsələsində də daha bacarıqlı hesab edilir.

Respublikaçıların immiqrasiya siyasəti Trampın prezidentliyi dövründə demokratların yanaşmasından daha populyar olaraq qalmağa davam edib. Sərhəddən qanunsuz keçidlərin kəskin azalması və ölkə üzrə genişmiqyaslı sərt tədbirlərin həyata keçirilməsi barədə Trampın göstərişləri bu mövqeyi gücləndirib. Lakin ölüm halları ilə nəticələnən qarşıdurmalar və saxlanılan şəxslərin, o cümlədən uşaqların sayının artması fonunda respublikaçılar bu məsələdə də dəstək itirirlər.

“Reuters/Ipsos”-un son sorğusuna əsasən, qeydiyyatda olan seçicilərin 40%-i respublikaçıların immiqrasiya siyasətini daha yaxşı hesab edir. Demokratların yanaşmasına üstünlük verənlərin payı isə 38%-dir. Aradakı cəmi 2 faiz bəndlik fərq Trampın prezidentliyi dövründə respublikaçıların bu məsələdə malik olduğu ən aşağı üstünlükdür. 2025-ci ilin yanvarında respublikaçılar demokratları 26 faiz bəndi qabaqlayırdılar.

“Reuters/Ipsos” sorğusu onlayn keçirilib, ölkə üzrə 1166 yetkin şəxsin cavablarını əhatə edib. Sorğunun xəta payı hər iki istiqamətdə 3 faiz bəndidir (Reuters).

“Politfm”