Rusiya Prezidenti Vladimir Putinin korteji (arxiv fotosu: internet)
ABŞ Prezidenti Donald Trampın Ankaradakı hava limanından ərzaq furqonunda təxliyəsi Kremldə Rusiya Prezidenti Vladimir Putinin yerini gizlətmək üçün əl atdığı üsullarla müqayisədə heç nədir.
“The New York Times” qəzeti məlumatlı mənbələrə istinadən belə yazır.
Nəşr qeyd edir ki, Ukrayna ilə müharibə başlayandan sonra Putinin təhlükəsizliklə bağlı narahatlığı paranoya səviyyəsinə çatıb. Ukrayna PUA-larının Rusiyanın müxtəlif bölgələrinə, hətta Qərbi Sibirə qədər çatdığı bir vaxtda prezidentin mühafizə xidməti onu gizlətmək üçün hər dəfə yeni üsullar axtarıb tapir.
Jurnalist Fəridə Rüstəmova NYT-yə deyib ki, prezidentin harda olmasıyla bağlı yalan məlumat verilməsi artıq adi hal alıb. Daha əvvəl o, Putinin Kremldəki görüşləri barədə hazırlanmış süjetləri analiz etmiş və kadrlardakı görüntülərə istinadən sübut etmişdi ki, televiziyada “bu gün baş tutmuş görüş” kimi təqdim edilən hadisə az qala iki ay əvvəl baş verib.
Rüstəmova əlavə edib ki, hazırda Moskvada dolaşan söhbətlərə görə, paytaxt küçələrində hərəkət edən prezident kortejində bəzən Putinin özü olmur, belə kortejlərdən diqqəti yayındırmaq üçün istifadə edilir.
Bu məlumatı nəşrin Kremldəki mənbələri də təsdiqləyiblər.
Federal Mühafizə Xidmətindən (FSO) Rusiyadan qaçmış keçmiş əməkdaşı daha əvvəl bildirmişdi ki, Putin səfərlərə təyyarəylə uçmaqdan yayınmağa başlayıb, daha çox qatarla getməyə üstünlük verir. Söhbət Rusiya Dəmir Yollarının adi sərnişin qatarına bənzədilmiş gizli zirehli qatardan gedir. Onun içində idman zalı və spa salonu, həmçinin xüsusi rabitə avadanlığı olduğu bildirilir.
Putinin qatarı üçün xüsusi dəmir yolu xətləri də çəkilir. NYT-nin müxbiri 2021-ci ildə Putinin Valdaydakı iqamətgahına gedəndə yerli sakinlər ona deyiblər ki, əraziyə yeni dəmir yolu xətti çəkilib.
Bu ərazidə helikopter meydançası olan yeni bir stansiya tikildiyi peyk görüntülərindən də məlum olub. Həmin stansiya nə dəmir yolu cədvəllərində, nə də dəmir yolu xəritələrində göstərilib.
“Politfm”



