Qarayaraya yoluxmuş heyvan (foto:RFE/RL)

 

Azərbaycanın Samux rayonunda qarayara xəstəliyi qeydə alınıb.

Bu barədə bu gün – avqustun 13-də Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

Bildirilir ki, ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə yoluxduğu düşünülən  şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib.

İlk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu qoyulub.

“Xəstə heyvanla təmasda olan doqquz nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Həmin şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib” – açıqlamada belə deyilir.


Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.

Bu xəstəliyin insandan insana ötürülməsinin nadir hallarda baş verdiyi bildirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, “Vətəndaşlara xəstə, tələf olmuş heyvanlarla və heyvan mənşəli şübhəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur”.

Qarayara və ya Sibir yarası— kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlikdir. O, lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi “bədxassəli çiban” da adlandırırlar.


Keçən il Azərbaycanda nə qədər adamın qarayara xəstəliyinə tutulduğu açıqlanmayıb. 2024-cü ildə onlarınını sayının 22, 2023-cü ildə isə 14 olduğu bildirilmişdi (“AzadlıqRadiosu”).

“Politfm”