Foto: AP

 

 

Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, ötən ay Türkiyəyə səfərdən qayıdarkən orezident təyyarəsini (“Air Force One”) tərk edib. Onun sözlərinə görə, ABŞ Məxfi Xidməti və hərbçilər təhlükə səbəbindən onun “başqa təyyarə” ilə uçmasını istəyiblər. Tramp bu təhlükənin onu qorxutmadığını deyib.

Bu barədə “Associadet Press” agentliyi məlumat verib.

Agentliyin materialında həmçinin qeyd olunur ki, Tramp bu uçuşla bağlı həyata keçirilmiş qeyri-adi əməliyyatın əhəmiyyətini də kiçildib. Halbuki “Air Force One” havaya qalxarkən ABŞ-nin digər təyyarəsinə onu hava limanının iaşə xidmətinə məxsus konteynerdə gizlədərək təyyarəyə keçiriblər.

Tramp həmçinin təyyarədə qoyub getdiyi insanlar üçün – Ağ Ev rəsmiləri, təhlükəsizlik və texniki dəstək əməkdaşları və jurnalistlər üçün yaranmış təhlükəni də kiçik göstərib.
“Onlar mənim başqa reyslə, başqa təyyarə ilə uçmağımı istəyirdilər” – Tramp Ohayoda keçirilən tədbirdən qayıtdıqdan sonra jurnalistlərə belə deyib. O, bu vəziyyətdə seçim imkanının çox böyük olmadığını bildirib.

“Görünür, orda təhlükə var idi. Mən bununla bağlı çox sual vermədim. Mənə tez-tez hədələr olur” deyə, Tramp bildirib.

Onun açıqlamaları ilk dəfə “The Washington Post” qəzetində yayılan məlumatı təsdiqləmiş olub. Qəzet yazmışdı ki, Tramp ötən ay NATO sammitindən sonra İrandan qaynaqlanan real təhlükə səbəbindən başqa təyyarəyə keçirilib. Hadisə bir neçə həftə ərzində məxfi saxlanılıb və yalnız qəzet yazandan sonra ictimaiyyətə məlum olub.
“Düşünürəm ki, mənim uçduğum təyyarə böyük risk altında idi” deyən Tramp hadisənin detalları barədə məlumat verməyib.

ABŞ prezidenti insidentin onu qorxutmadığını bildirib.
“Düzünü desəm, heç nədən narahat deyiləm, nə olmağından asılı olmayaraq. Bilirsiniz, mənim münasibətim necədir? Boş verin!”

Prezidentlərin gizli səfərləri çox olur, amma belə yox

ABŞ prezidentləri təhlükəsizlik məqsədilə xarici səfərlərini bəzən gizli saxlayıblar. Onların səfər proqramları və logistika ilə bağlı məlumatlar da təhlükəsizlik səbəbindən məxfi saxlanılıb. Lakin Trampın həmin vaxt və ondan sonrakı bir neçə həftə ərzində harada olduğunun gizlədilməsi görünməmiş hal hesab olunur.

“Reyven Rok: ABŞ hökumətinin gizli özünüxilas planı – bizdən bəziləri ölürkən” kitabının müəllifi Qarrett M. Qraff deyir ki, “Biz əvvəllər də prezidentlərin markersiz və ya aldadıcı markerli təyyarələrlə İraqa, Əfqanıstana və döyüş bölgələrinə bənzər digər yerlərə uçduğunu görmüşük. Amma bu, davamlı şəkildə qorunan, daha əvvəl heç vaxt qarşılaşmadığımız bir sirr olurdu”.

Həmin səfər zamanı Tramp Böyük Britaniyada dayanıb və gizli şəkildə yenidən prezident təyyarəsinə qayıdıb. Mümkün təhlükə ilə bağlı sualı isə sonradan məsxərəyə qoyub.
Jurnalistə “Mənə olsa, sənə də olacaq, elə deyilmi?” deyə cavab verən Tramp təyyarə vurulacağı təqdirdə özünün göyərtədə olmayacağı məsələsindən yan keçib.

Hadisəylə bağlı detalların bi çoxu hələ də məlum deyil

ABŞ prezidentin Türkiyədən qayıtması həmin vaxt xəbərlərin əsas mövzularından birinə çevrilmişdi. Tramp bu ölkəyə Qətərin hədiyyə etdiyi lüks təyyarə ilə uşmuşdu. O təyyarədə əvvəlki prezident təyyarələrində olan bəzi raketaşkarlama və raketlərə qarşı müdafiə sistemləri yox idi.

ABŞ prezidentləri öz administrasiyalarının təhlükəsizlik sərhədlərini zaman-zaman aşıblar. Onlar Amerikanın regiondakı mövcudluğunu və öz şəxsi liderlik əzmlərini nümayiş etdirmək üçün təhlükəsizlik üzrə müşavirlərini döyüş bölgələrinə göndəriblər. Adətən, prezidentin belə səfərləri onun təhlükəsiz ərazidə olduğu təsdiqlənənə qədər elan edilmir.

Bu dəfə fərq onda olub ki, Tramp onu müşayiət edən şəxslərdən, o cümlədən prezidentin fəaliyyəti və qərarlarını müstəqil şəkildə işıqlandırmaq üçün nəzərdə tutulmuş mətbuat qrupundan onların xəbəri olmadan ayrılıb. Üstəlik, risk aradan qalxdıqdan sonra ictimaiyyətə hadisə barədə açıqlama vermək əvəzinə, Ağ Ev bu günədək baş verənlərlə bağlı bütün detalları açıqlamayıb.

Gizli səfərlərdə prezidentlərin təhlükəsizliyini qorumaq üçün məmurlar əvvəllər də ciddi tədbirlər görüblər.
2023-cü ildə Prezident Co Bayden kiçik hava limanlarında daxili uçuşlar üçün istifadə olunan, modifikasiya edilmiş “Boeing 757” tipli C-32 hərbi təyyarəsinə minərək Polşaya uçub və ordan da Rusiyanın genişmiqyaslı hücumuna məruz qalmış Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək üçün qatarla Kiyevə gizli səfəri edib.

Ağ Evin mətbuat qrupundan olan iki jurnalist prezidentlə birlikdə Ukraynaya gedib və səfəri sənədləşdirib. Onlar Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə addımladıqları anların fotolarını çəkiblər.

Tramp birinci prezidentlik dövrünün ilk müddətində, 2019-cu ildə Şükran Günü münasibətilə Əfqanıstana gizli səfər edib. Həmin vaxt rəsmilər prezidentin bayramı Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi görüntüsünü yaratmaq üçün bir jurnalist qrupunu və bir təyyarəni Floridada saxlayıblar.

Əslində isə Tramp və başqa bir jurnalist qrupu ABŞ-nin Bəqramdakı hərbi bazasına uçublar. Prezident orda çıxış edib, hərbçiləri bayram yeməyinə qonaq edib və Əfqanıstanın ovatkı prezidenti Əşrəf Qani ilə görüşüb.

Prezident Corc Buşun İraqa 2003-cü ildəki ilk səfəri o, artıq ABŞ-yə qayıdan təyyarədə olduğu zaman açıqlanıb.

Prezident Barak Obamanın Əfqanıstana 2010-cu ildəki səfəri də gizli olub.
Digər riskli səfərlərdə də diqqəti yayındırmaq üçün tədbirlər görülüb
Kəşmirin mübahisəli bölgəsindəki gərginliyi azaltmaq üçün Prezident Bill Klinton 2000-ci ildə Hindistandan Pakistana gizli səfər edib. Onu hərbi təyyarənin qarşısında rəsmilərlə danışarkən görüblər və prezidentin həmin təyyarəyə mindiyi düşünülüb. Lakin Klinton təyyarənin ön hissəsindən keçərək yaxınlıqda park edilmiş başqa bir döyüş təyyarəsinə minib.
Hər iki təyyarə İslamabada uçub. “Air Force One” təyyarəsinə xas mavi nişanlarla rənglənmiş üçüncü təyyarə də eyni istiqamətdə havaya qalxıb.

Klintonun mətbuat katibi olmuş Co Lokhart bildirib ki, jurnalistlər prezidentin bu təyyarələrdən birində olduğunu bilirdilər, “amma hansında olduğunu bilmirdilər”. Onun sözlərinə görə, özü və digər rəsmilər mətbuat qrupunu əvvəlcədən məlumatlandırmışdılar və onlar “bütün detalları bilməsələr də, Klintonun onların olduğu təyyarə ilə uçmayacağı bəlli idi”.

“Bununla bağlı heç nəyi gizlətməyə, xüsusilə də sonradan bu barədə yalan danışmağa cəhd edilməmişdi” – Lokhart sosial şəbəkələrdə belə yazıb.
2001-ci ilin 11 sentyabrında – məlum terror alsiyaları zamanı Corc Buş Floridanın Sarasota şəhərindəki ibtidai məktəbdə olub. ABŞ-də bütün kommersiya aviareysləri dayandırıldıqdan sonra rəsmilər prezidentin naməlum bir yerə aparılmasını istəyiblər.

Administrasiyanın üzvləri, Buş və Ağ Evin onunla birlikdə səfərdə olan mətbuat qrupu Hərbi Hava Qüvvələrinin Luiziana ştatındakı Barksdeyl bazasına uçublar. Orda jurnalistlərin və əməkdaşların sayı azaldılıb. Daha sonra Buş və onu müşayət edən bu kiçik qrup Hərbi Hava Qüvvələrinin Nebraska ştatındakı Offutt bazasına yollanıblar, sonra da ordan Vaşinqtona qayıdıblar.

Buşun harda olduğu bütün gün gizli saxlanılıb. Lakin Ağ Ev prezidentin olmadığı bir yerdə olduğunu iddia etməyib. Bu, Trampın Türkiyədən təcili şəkildə çıxarılması zamanı baş verənlərdən fərqlənir.

“ABŞ prezidentinin vəziyyətini və ya ABŞ hökumətinə kimin rəhbərlik etdiyini bir müddət heç kim müstəqil şəkildə təsdiqləyə bilməsəydi, hadisələrin necə nəzarətdən çıxa biləcəyini təsəvvür etmək çətin deyil. Bu, bütün dünya üçün inanılmaz dərəcədə təhlükəli məqamdır” – Qaret M. Qraf belə deyib.

“Politfm”