infoqrafika: Sİ

 

 


Ölkədə ailə institutu və evliliklərin dinamikası yeni mərhələyə qədəm qoyur. Son illərin müşahidələri göstərir ki, Azərbaycanda boşanmaların ümumi sayı ilə yanaşı, boşanan şəxslərin yaş strukturu da ciddi dəyişikliyə uğrayır. Əgər əvvəllər ayrılıqlar daha çox gənc ailələr arasında idisə, artıq orta və yaşlı nəslin nümayəndələri arasında da bu göstəricilər sürətlə yüksəlir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ölkədə 17 191 boşanma qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 20 675-ə çatıb. Bu isə son 5 il ərzində boşanmaların sayında 20,3 faiz artım deməkdir.

Bildirilir ki, 60 yaşdan sonra boşanan kişilərin sayı 838-ə çatıb. 2021-ci ildə 60 və daha yuxarı yaşda 563 kişi boşanmışdısa, 2022-ci ildə onların sayı 528, 2023-cü ildə 693, 2024-cü ildə 761 olub. Başqa sözlə, 2021-ci illə müqayisədə 60 və daha yuxarı yaşda boşanan kişilərin sayı 275 nəfər və ya 48,8 faiz artıb.

Qadınlarda da oxşar dinamika müşahidə olunur. 60 və daha yuxarı yaşda boşanan qadınların sayı 2021-ci ildə 293, 2022-ci ildə 274, 2023-cü ildə 366, 2024-cü ildə 405, 2025-ci ildə isə 431 nəfər olub.
Bu isə beş il ərzində 138 nəfər və ya 47,1 faiz artım deməkdir.

2021-ci ildə 60 yaş və yuxarı şəxslər boşanan kişilərin təxminən 3,3 faizini təşkil edirdisə, 2025-ci ildə onların payı 4,1 faizə yüksəlib. Qadınlarda isə müvafiq göstərici 1,7 faizdən 2,1 faizə çatıb.

55-59 yaşlı kişilər arasında boşananların sayı 2021-ci ildə 578 nəfər olduğu halda, 2025-ci ildə 755 nəfərə yüksəlib. Eyni yaş qrupunda qadınların sayı 377-dən 443 nəfərə çatıb. 50-54 yaşlı kişilər arasında isə göstərici 2021-ci ildə 954 nəfər, 2022-ci ildə 815, 2023-cü ildə 1 111, 2024-cü ildə 1 216, 2025-ci ildə 1 120 nəfər olub. 50-54 yaşlı qadınlarda müvafiq göstəricilər 621, 560, 699, 745 və 712 nəfər təşkil edib.

45-49 yaş qrupunda ciddi artım

Statistikada diqqət çəkən başqa bir qrup 45-49 yaşlılardır. 2021-ci ildə bu yaş aralığında 1 407 kişi boşanıb. 2025-ci ildə onların sayı 2 035 nəfərə yüksəlib. Beş il ərzində artım 628 nəfər olub. Qadınlarda isə 45-49 yaş qrupunda boşananların sayı 2021-ci ildə 879 nəfərdən 2025-ci ildə 1 245 nəfərə çatıb. 40-44 yaşlı kişilərdə də göstərici 2 371-dən 3 496 nəfərə, qadınlarda isə 1 520-dən 2 239 nəfərə yüksəlib.

2021-ci ildə 35-39 yaş qrupunda 2 666 qadın boşandığı halda, 2025-ci ildə göstərici 3 992 nəfərə çatıb. Bu, 1 326 nəfər və ya təxminən 49,7 faiz artım deməkdir. Eyni yaşda kişilər arasında boşananların sayı 2021-ci ildə 3 711 nəfərdən 2025-ci ildə 4 844 nəfərə yüksəlib. 2025-ci ildə kişilər arasında ən çox boşanma məhz 35-39 yaş qrupunda (4 844 nəfər) qeydə alınıb. Qadınlarda isə ən yüksək göstərici 30-34 yaş qrupunda (5 072) nəfər olub.
25-29 yaşlılarda isə, əksinə, azalma var.

Boşanmaların ümumi sayı artsa da, bütün yaş qruplarında eyni tendensiya müşahidə edilmir. 25-29 yaşlı kişilər arasında boşananların sayı 2021-ci ildə 2 684 nəfər olub. 2022-ci ildə göstərici 2 363, 2023-cü ildə 2 746, 2024-cü ildə 2 513, 2025-ci ildə isə 2 329 nəfər təşkil edib. Beləliklə, 2021-ci illə müqayisədə bu yaş qrupunda boşanan kişilərin sayı 355 nəfər azalıb. Qadınlarında sayında isə daha çox azalma var. 2021-ci ildə bu yaş qrupunda 4 255 qadın boşanmışdısa, 2025-ci ildə onların sayı 3 942 nəfərə düşüb.

2025-ci ildə 18-24 yaş qrupunda 449 kişi boşanıb. Bu yaş qrupunda boşanan qadınların sayı isə 2 579 nəfər olub. Əvvəlki illərdə də fərq böyük olub. 2021-ci ildə 18-24 yaşlı boşanan kişilərin sayı 423 olduğu halda, qadınların sayı 2 382 nəfər təşkil edib.18 yaşadək boşanan kişilər üzrə 2021-2025-ci illərdə göstərici qeydə alınmayıb. Qadınlar arasında isə 2021-ci ildə 5, 2022-ci ildə 3, 2023-cü ildə 2, 2024-cü ildə göstərici qeydə alınmayıb, 2025-ci ildə isə 1 nəfər olub.

“Politfm”