Vuhandan qaynaqlanan, COVID-19 kimi tanınan hazırkı Koronavirus pandemiyası Çin hökumətinin görünməmiş bir sağlamlıq böhranını necə idarə etdiyini ortaya qoydu. Təkcə onu sürətlə aradan qaldırmaq qabiliyyətini nümayiş etdirmək üçün deyil, həm də diplomatik təsirini artırmaq üçün necə qiymətləndirdiyinə dair bir nümunə yaratdı.
Bu Çin hökümətinə beynəlxalq imicini yaxşılaşdırma, həm aparıcı səhiyyə təminatçısı, həm də dünyada rol modeli kimi ABŞ-ın dominant statusuna meydan oxumaq üçün fürsətlər verdi. Başqa sözlə, ÇKP-nin Koronavirusla mübarizəsinə dərinləşən iqtisadi və geostrateji rəqabət və mən iddia edərdim ki, ABŞ və Çin arasında “yeni Soyuq Müharibə” kontekstində baxmaq lazımdır.
Lakin eyni zamanda sərt qapanmalar Si Tsinpin üçün 20-ci qurultayda 3-cü müddətə seçilmək planını gözdən keçirmək, rəqiblərini susdurmaq və yaxud müxalif fraksiyadakı fiqurları öz sadiq xidmətkarları ilə əvəzləmək üçün fürsətə çevrildi. Misal olaraq (2022-ci il fevralın ortalarında Si Hubey və Vuhanın əsas məmurlarını işdən çıxardı və onları özünə sadiq kadrlar ilə əvəz etdi). Elə həmin gün Si Tsinpin epidemiyaya qarşı milli səfərbərlik elan etdi və üç gün sonra Vuhan və bütün Hubei əyalətində yenidən sərt karantin elan edildi….
Lakin bu siyasi karantin oyunu Azərbaycan hakimiyyəti üçün də göydən düşmə oldu. İqtisadiyyatı neftdən asılı olan Azərbaycan bəzi ölkələrdən fərqli olaraq, pandemiya və kəskin enən neft qiymətlərinə görə iki qat böhranla üzləşdi. Xalqın diqqətini sürətlə baş verən iqtisadi çöküşdən yayındırmaq üçün hakimiyyət demokratik düşərgədə, əsasən, müxalifətin köhnə və gənc nəsli arasında yaranan və ya davam edən qarşıdurmaları açıq-aşkar manipulyasiya etməklə diqqəti özündən yayındırmağa, cəmiyyətdə və demokratik icmada parçalanmalar yaratmağa calışdı. Prezidentin ölkənin gələcək siyasi düzəninə baxışı zənnimcə belə görünür: ölkəni mümkün qədər uzun müddətə idarə etmək, “narahat” müxalifəti zərərsizləşdirmək, əsaslı siyasi islahatlar aparmamaq və əvəzində beynəlxalq təşkilatlarda ölkənin imicini artıran parlaq intellektuallardan, islahat məsləhətləri verən ekspertlərdən ibarət “münasib” müxalifət formalaşdırmaq. Oyunun son pərdəsi isə fikrimcə Əliyevin Siyasi Partiyalar haqqındakı “qərarı” yəni təqdim edilən qanun layihəsi oldu. Bu isə o deməkdir ki, YAP artıq Çindəki Komunist Partiyasının prototipi halına gətirilir. Bu seçimin edilməsində əsas məqsəd elitanın öz maraqlarına ciddi şəkildə toxunmadan ölkəni modernləşdirmək adı altında total nəzarətə götürmək baxışıdır, amma buna müvəffəq olub olmayacaqları Ukrayna savaşı və dünyada sürətlə dəyişən geosiyasi vəziyyətdən asılı olacaq.
Pərviz Əliyev