Putinə bu dəfə bir sillə də İsraildən gəldi. Rusiya-Ukrayna müharibəsində neytrallığı qorumağa çalışan İsrail Rusiyada fəaliyyət göstərən “Soxnut” təşkilatının qapadılmasından sonra nəhayət, sükutu pozdu. Amma onun bu davranışı, deyəsən Vladimir Putini dəli olacaq səviyyəyə gətirib.
Dünən Rusiya prezidenti Vladimir Putinlə İsrail prezidenti İshak Hersoq arasında telefon danışığı olub. Söhbət zamanı İsrail prezidenti Vladimir Putinə Fələstin yaraqlılarının son bir neçə ay ərzində Rusiyadan qaçaqmalçılıq yolu ilə çıxarılan silahlar aldığını bildirib. Rusiya prezidenti cavabında Fələstinə silahların çox güman ki, Ukrayna ərazisindən gəldiyi ehtimalını söyləyib və günahı Ukrayna rəhbərliyinin üzərinə qoymağa çalışıb. Amma İsrail prezidenti Putinə etiraz edərək, bu məsələni onun və ölkəsinin rəhbərliyinin dəqiq bildiyinə işarə edib. Silahların mənşəyi və hərəkət marşrutları haqqında məlumat verən prezident Fələstinə silah qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər görməyi təklif edib.
Həssas mövzuların müzakirəsi zamanı Putinə müalicəsi üçün İsraildən alınan dərmanların tədarükü ilə bağlı mümkün problemlər barədə xəbərdarlıq edilib. (Vladimir Putinin onkoloji xəstəliyinin müalicəsi üçün əsas dərmanlar israilli həkimlər tərəfindən təyin edilib və İsraildən alınır. Rusiya prezidentinin onkoloji müalicəsi illərində dərmanları “əvəz etmək” cəhdləri yalnız sağlamlığın pisləşməsinə səbəb olub və eksperimentdən imtina edilib.) Nəticədə Putin silahla bağlı məsələni həll edəcəyinə söz verib və hətta Rusiyada “Soxnut” agentliyi ilə yaranan problemləri həll etməyə hazır olduğunu bildirib.
Günün ikinci yarısında Putin hərbi blokun rəhbərliyinin nümayəndələri ilə videokonfrans keçirib. Putinə digər məsələlərlə yanaşı, Krımda ən azı 24 rus hərbçisinin həlak olduğu partlayışlar, böyük hərbi texnika itkiləri və cəbhədəki çoxsaylı digər problemlər barədə məlumat verilib. Hesabatı dinlədikdən sonra Putin İsrail prezidentinin Rusiya prezidenti ilə söhbətində dilə gətirdiyi rus silahlarının fələstinlilər üçün qaçaqmalçılıq problemi ilə bağlı sual verib. Baş Qərargahın və Rusiya Federasiyasının Müdafiə Nazirliyinin nümayəndələri cavab veriblər ki, bu məsələ ilə bağlı onlarda məlumat yoxdur. Bundan sonra təxminən iyirmi dəqiqə ərzində səsi boğulana qədər yüksəkdən qışqıran Putin görüş iştirakçılarına onların hamısının kim olduqlarını, necə, kimlərlə və hansı formalarda qeyri-ənənəvi cinsi əlaqəyə girdiklərini, eləcə də, əgər onun müraciətində qeyd etdiyi problemlər yaxın vaxtlarda öz həllini tapmasa, nə baş verəcəyini izah edib. Bununla da görüş başa çatıb və Putin güc blokunun rəhbərliyi ilə yeni müşavirə çağırıb. Orada silah qaçaqmalçılığı məsələsini bir daha qaldırıb, bu ünsiyyət heç kimi sevindirməsə də, nisbətən daha konstruktiv olub. Amma şahidlərin sözlərinə görə, axşam saatlarında Putinin qanı it qanından da qara imiş.
Dadaş Əhmədli