Ana Səhifə Manşet “Təbrizin sehirli nağılları”nın real mesajı nədir?

“Təbrizin sehirli nağılları”nın real mesajı nədir?

11

Bu ilin 26 may tarixində Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Naxçıvana səfər etdi və oradan “Salam İran” deyə bir tvit paylaşdı. 

Bəzi saytlarda bu məsələ haqqında yazılsa da  demək olar ki, siyasi çevrədə çox az müzakirə olundu. Səfir nə demək istəyirdi? O, İrana Azərbaycandan salam göndərməklə İrana, yoxsa, Azərbaycana nəsə demək istəyirdi? Heç kim bu suallara açıq cavab vermək istəmədi. Xüsusilə 44 günlük savaşda ən yüksək beynəlxalq tribunada- BMT  Təhlüksizlik Şurasında Azərbaycanı müdafiə edən bir ölkənin səfirinin belə paylaşımına biganə yanaşmaq anlaşılan deyil. Yergəlmişkən müharibədən dərhal sonra səfir Şarpın BBC-Azərbaycancaya “Britaniya və Azərbaycan əlaqələrinə dair”verdiyi müsahibə də xeyli “diqqətdən kənarda” qaldı. Bu baxımdan ki, görməzlikdən gəlindi.

Həssas coğrafiyada; kiminlə necə?

Üzərində durulacaq əsas məqam odur ki, “İran və Rusiyanın ortasında, mürəkkəb şəraitdə” olduğumuzu əsas gətirib susanlar həm də anlamırlar ki, bizim bu şəraitdə ən ciddi müttəfiqlərimizdən biri də elə Britaniyadır. Onların nə demək istədiytinə fikir vermək, lazım olsa polemikaya girmək, doğrunu yanlışı aydınlaşdırmaq vacibdir. Beləliklə  “Salam İran!” ismarıcının haraya necə çatması məsələsi də bizim qapalı toplumumuzda sirrə döndü.  “Döndü” deyəcəkdik ki, 20 iyul tarixində İsrailin Azərbaycandakı səfiri Corc Dik əlində qırmızı qapaqlı bir kitabla bu dəfə dünyanı sirkələdi. “Təbrizin sehirli nağılları” adlı  Azərbaycanın tarix və azərbaycanlıların mənəvi paytaxtının  miniatür və rəssamlıq tarixindən bəhs edən kitabı paylaşaraq “Qədim Azərbaycan şəhəri Təbrizin mədəniyyəti haqqında öyrənirəm” yazdı. Yazdı və tvitterdə paylaşdı.  Bu paylaşım bir günün içində sosial medianı dolaşdı, trendə çevrildi, amma yenə də bir iki yazıdan başqa reaksiyasız qaldı. İran səfiri Seyid Abbas Musəvi isə Azərbaycan cəmiyyətininn reaksiyasızlığından sanki ürəklənərək Gorc Diki “məhv etmək”lə həfələdi. Onun bu şiddət paylaşımının “Tvitter”in diqqətini çəkməməsinə isə Fransanın azərbaycandakı səfiri Zakari Qross etiraz etdi.  Yenə də bir iki yazıdan başqa bu məsələ də diqqəti cəlb etmədi.

Toplum hara baxırdı?

Görünür, Azərbaycanda bütün gözlər qarşı tərəfdə -Tehranda keçirilən Rusiya, Türkiyə, İran  sammitinə yönəlmişdi. Maraqlı odur ki, bu görüşdən Azərbaycan üçünb müsbət heç nə çıxa bilməzdi. Özü özlüyündə isə belə bir format Azərbaycanın milli maraqlarına və demokratiya istiqamətindəki çabalarına ağır zərbə idi.  Toplumun az qala bütün kəsimlərinin demək olar ki, eyni susqunluqla Tehran sammitindən nəticə gözləməsi isə heyrət doğurur.

İndi şüar dəyişib

Əgər, əvvəllər əsas şüar “hamı ilə sülh içində” idisə, indi açıq göründü ki, bu mümkün deyil.  İşğalçı Rusiya etnik və dini baxımdan öz doğma qardaşını, hətta eyni məzhəbdən olan qardaşını məhv etmək istəyirsə, deməli bizim üçün heç də xoş nəsə düşünmür. İran isə açıq aşkar ölkəmizdə diversiya etmək niyyətindədir. O zaman Tehran sammiti bizim üçün hansı gələcəyi vəd edə bilər? – Bəlkə də avtoritarizmin bir az da bərkiməsini. Biz isə bu konyukturada əzilməkdə davam edirik. İndi  şüar dəyişib “hamıya azadlıq, hər yerdə şəffaflıq”. Ukrayna da məhz regiona- Şərqi Avropaya, postsovet ölkələrinə- Rusiyanın burnunun dibinə azadlıq və şəffaflıq gətirdiyi üçün hədəfdədir. Biz gələcək nəsilləri düşünürüksə, o zaman qərar verməli, azadlıqlar uğrunda xalqların savaşına qoşulmaalı və azadlıqlar uğrunda koalisiyalarda fəal iştirak etməliyik.

Güney Azərbaycanın gələcəyi ilə bağlı qərarı sözsüz ki, güneyli soydaşlarımız verəcək. Amma biz də, heç olmazsa, Arazın bu tayında nəsə etməliyik. İmkan verməməliyik ki, onların səsi bu informasiya savaşının qara dəliyində yox olsun.

Seymur Həzi