Foto: BBC
İyunun 18-nə keçən gecə Moskva təxminən 200 Ukrayna dronunun hücumuna məruz qalıb. Şəhər meri Sergey Sobyanin bir neçə dronun Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodunun ərazisinə düşdüyünü və bundan sonra obyektdə yanğın başladığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi ölkə ərazisində ümumilikdə təxminən 555 PUA zərərsizləşdirildiyini bildirib. Onlardan 180-nin Moskvaya yaxınlaşarkən vurulduğu qeyd olunur.
Bir neçə magistral yol müvəqqəti bağlanıb. Moskvanın bütün beynəlxalq hava limanları – Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanları fəaliyyətini müvəqqəti dayandırıb.
Moskva vilayətinin şərqində yerləşən Elektrostal şəhərində bir qadının yaralandığı bildirilir.
“Moskva Neft Emalı Zavodu bir həftə ərzində ikinci dəfə vurulub. Rostov vilayətindəki və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki hədəflər də vurulub. Bu, Rusiyanın şəhərlərimizə və icmalarımıza endirdiyi zərbələrə tamamilə ədalətli cavabdır. Eyni zamanda, Rusiya hərbi maşınını təmin edən obyektlərə qarşı hərbçilərimizin fəaliyyətinin daha bir mühüm nəticəsidir” – Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da belə yazıb.
“Bu müharibəyə son qoymağın vaxtıdır. Rusiya zəruri diplomatik addımları atmalıdır” deyə, o əlavə edib.
“Politfm”



