Foto: Rumıniya Fövqəladə Hallar Departamenti/”Reuters”

 


NATO nümayəndələri Rusiyanın Rumıniyada yaşayış binasına endirdiyi dron zərbəsiylə bağlı təcili toplanırlar. Bu barədə “Bild” Finlandiya prezidenti Aleksandr Stabbın bəyanatına istinadən məlumat yayıb.

“Finlandiya Rusiyanın Rumıniyada çoxmənzilli yaşayış binasına dton zərbəsini pisləyir. Rusiya Ukraynaya qarşı apardığı aqressiv müharibədə növbəti qırmızı xətti keçir. Finlandiya müttəfiqi Rumıniyanı dəstəkləyir və Ukraynanın özünümüdafiəsinə yardımı davam etdirir” – Stabb “X” platformasında belə yazıb.

O bildirib ki, insidentə reaksiya alyans çərçivəsində koordinasiya olunur.
Moskvanın aqressiv hərəkətlərini NATO və Avropa İttifaqının digər liderləri, o cümlədən ABŞ də pisləyib.

NATO-nun baş katibi Mark Rütte növbəti dəfə  bəyan edib ki, alyans “müttəfiqlərin ərazisinin hər qarışını qorumağa hazırdır”.

“Rusiyanın məsuliyyətsiz davranışı hamı üçün təhlükə yaradır. Blok dron təhdidlərinə qarşı çəkindiricilik hazırlığını artırmağa davam edəcək. Rusiyanın müharibəsi başa çatmalıdır. Eyni zamanda, Rusiyanın mülki əhalinin təhlükəsizliyinə laqeyd münasibəti də sona çatmalıdır” – Rütte “X” platformasındakı paylaşımında belə yazıb.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas da insidenti pisləyərək bunu “Rumıniyanın suverenliyinin, Aİ ərazisinin açıq və ciddi pozuntusu” adlandırıb.

“Rusiya artıq çoxdan sərhədlərə hörmət etməyi dayandırıb. Moskvanın Avropa hava məkanını cəzasız şəkildə pozmasına imkan vermək olmaz” – Kallas belə deyib.

Bu gün səhər saatlarında Rusiya dronu Rumıniya sərhədini keçərək yaşayış binasına çırpılıb. Rusiya səfiri bu insudentlə bağlı Rumıniya XİN-ə çağırılıb.

Ölkə prezident Nicușor Dan 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri “ölkə ərazisinə təsir göstərən ən ciddi insident”in müzakirəsi üçün Milli Müdafiə Şurasının iclasını keçirib.

Rəsmi qurumların açıqlamasına görə, dron Ukrayna sərhədi yaxınlığındakı Qalați şəhərində çoxmənzilli yaşayış binasına çırpılıb. Hadisə nəticəsində yanğın baş verib, 14 yaşlı oğlan və 53 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

“Politfm”