Foto: internet

 



Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2026-cı ilin aprel ayında Azərbaycanda əlilliyə görə 248 min 9 nəfər pensiya alıb. Bundan əlavə, 225 min 448 nəfərə aylıq sosial müavinət, 92 min 750 nəfərə isə prezident təqaüdü ödənilib.

Ötən ilin eyni dövrüylə müqayisədə əlilliyə görə pensiya alanların sayı azalıb – 2025-ci ilin aprelində bu göstərici 254 min 500 nəfər olub.

Əvvəlki illə müqayisədə 2025-ci ildə də azalma baş verib.
DSK-nın məlumatına görə, 2024-cü il yanvarın 1-nə Azərbaycanda pensiya alanların 23,6%-i əlilliyə görə təqaüd alıb. Ümumi pensiyaçı sayı 1 milyon 96 min nəfər olduğu üçün bu, təxminən 258,7 min nəfər deməkdir.

2025-ci il yanvarın 1-nə olan göstəriciyə görəsə, onların payı 23,2%-ə düşüb. Həmin tarixdə ölkədə ümumi pensiyaçı sayı 1 milyon 98,3 min nəfər olub və bu, əlilliyə görə pensiya alanların sayının təxminən 254,8 min nəfər olduğunu göstərir.
Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə əlilliyə görə pensiya alanların sayı təxminən 4 min nəfər azalıb.

Amma aylıq müavinət alanların sayında artım olub – 2025-ci ilin aprel ayıyla müqayisədə bu say 218 min 700 nəfərdən 225 min 448 nəfərə, president təqaüdü alanların sayı isə 89 min 500 nəfərdən 92 min 750 nəfərə yüksəlib.

Beləliklə, bir il ərzində əlilliyə görə aylıq sosial müavinət alanların sayı təxminən 6,7 min nəfər, Prezident təqaüdü alanların sayı isə təxminən 3,2 min nəfər artıb.


“Politfm”