Paşinyan yandırılmış avtomobilinin yanında (foto: “Jamnews”)



“The Insider” nəşri Ermənistandakı müxalifət liderləri Samvel Karapetyanla Qaqik Tsarukyanın Rusiya xüsusi xidmət orqanlarıyla əlaqələrini üzə çıxaran məqalə dərc edib. Bu şəxslərin rəhbərlik etdiyi partiyalar iyunda keçiriləcək parlament seçkilərinə qatılmağa hazırlaşırlar.

“Moldova və Macarıstandakı uğursuzluqdan sonra Kreml bütün resurslarını iyunun 7-də parlament seçkilərinin keçiriləcəyi Ermənistana yönəldib. Kreml Avropa İttifaqı və ABŞ ilə yaxınlaşma kursu götürmüş baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinə mane olmağa çalışır” – nəşr belə yazır.

“The Insider” jurnalist araşdırmaları, faktların yoxlanılması və siyasi analiz üzrə ixtisaslaşmış internet nəşridir.

Nəşr bildirir ki, Ermənistan istiqamətinə Rusiya Prezident Administrasiyasında kimin kuratorluq etdiyi, “qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün” Yerevana SVR, QRU və FSB-nin hansı zabitlərinin göndərildiyi və müxalitçilərin Rusiya xüsusi xidmət orqanlarıyla hansı əlaqədə olduğu aşkar edilib.

Bu məlumat Ermənistanda geniş rezonans doğurub. Həm baş nazir, həm də müxalifət məsələyə münasibət bildirib.

Moskvada Ermənistan istiqamətinə kim nəzarət edir?

“The Insider” Paşinyana qarşı informasiya kampaniyasına rəhbərlik edən şəxslərdən bəhs edir. Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonu Ermənistanda hamı tanıyır. O, vaxtilə Abxaziya istiqamətində fəaliyyət göstərib və bundan sonra ona Ermənistanla məşğul olmaq tapşırılıb.

Amma nəşr yeni adlar da açıqlayır. Atom sənayesinin keçmiş əməkdaşı Vadim Titov barədə məlumat verir. O, Prezidentinin Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinə (STƏİ) rəhbərlik edir.

“Titovun məhz bu vəzifədəki startı o qədər də uğurlu olmayıb: Macarıstandakı seçkilər ərəfəsində o, “Rosatom”dan olan köməkçisi Yeqor Kvyatkovskiylə birlikdə Budapeştə uçmuşdu. Amma kampaniya Viktor Orban üçün sarsıdıcı məğlubiyyətlə başa çatdı. İndi ona özünü reabilitasiya etmək üçün yeni şansı yaranıb” deyə, məqalədə bildirilir.

Ermənistan üzrə birbaşa kuratorlarsa xüsusi xidmət orqanlarının iki nümayəndəsidir – STƏİ-nin regionlararası və sosial-mədəni əlaqələrin inkişafı departamentinin rəhbəri və onun müavini Dmitri Avanesov.

Məlum olub ki, Rusiya Xarici İşlər Nazirliyində də Ermənistan seçkiləriylə məşğul olan konkret şəxs var – MDB ölkələri üzrə dördüncü departamentin rəhbəri Mixail Kaluqin. O, vaxtilə Rusiyanın Vaşinqtondakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib.

Maraqlıdır ki, Kaluginin adı Moskvanın ABŞ seçkilərinə müdaxiləsiylə bağlı məqalələrdə də hallanıb. Həmin yazılardan sonra o, ABŞ-ni tərk etməli olub.

“Paşinyana qarşı təbliğat kampaniyasının ön sıralarında artıq yaxşı tanınan fiqurlar — senatorlar Konstantin Kosaçev və Konstantin Zatulin çıxış edir. Zatulin Beynəlxalq Rusiya-Ermənistan “Lazarev klubu”na rəhbərlik edir. “Taşir” şirkətinin sahibi milyarder Samvel Karapetyan da həmin klubun üzvlərindəndir.

Rusiya səfirliyinin “yumşaq güc” siyasətinin təşviqiylə “Rossotrudniçestvo” məşğul olur. Onun tabeliyindəki Yerevan Rus Evinin himayəsi altında seminarlar, mühazirələr, dəyirmi masalar və yay düşərgələri təşkil olunur. Bu tədbirlərdə iştirakçılara “Ukraynada nasizmin dirçəlişi” barədə filmlər nümayiş etdirilir. Əsas diqqət gənclərə yönəlib və onlara daim Ermənistanın gələcəyinin yalnız Rusiyayla birlikdə olduğu aşılanır” deyə, “The Insider” yazır.

Paşinyan Rusiya xüsusi xidmət orqanlarının hədəfində

Nəşrin məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarının əsas hədəfi Ermənistanın baş naziridir:
“2018-ci ildəki “məxməri inqilab” dalğasında keçmiş müxalif jurnalist Paşinyan baş nazir postunu tutdu və Ermənistanda Rusiya kəşfiyyatının, demək olar, bütün əməliyyatlarının əsas hədəfinə çevrildi. Xüsusi xidmtə orqanları ona “Saqqal” operativ ləqəbi qoyub haqqında intensiv şəkildə kompromat toplamağa başladılar”.

Ermənistandakı müxalif namizədlər barədə qalmaqallı məlumatlar

Nəşr bildirir ki, dollar milyarderi, rusiyalı iş adamı Samvel Karapetyanın məlumat bazasında “iş yeri” qrafasında FSB yazılıb:
“Karapetyan 1999-cu ildə Kaluqa şəhərində xarici pasport alıb. Oflayn məlumat bazasındakı pasport faylında “iş yeri” bölməsində DİN-in “İS FSB” qeydi var. Bu qeyd o deməkdir ki, vətəndaş yoxlanılarkən əvvəlcə FSB-yə müraciət edilməlidir. DİN-in əməliyyat əməkdaşlarından biri redaksiyaya deyib ki, belə işarə, adətən, FSB-nin nəzarəti altında fəaliyyət göstərən əcnəbilərə və ya bu quruma qeyri-rəsmi məlumat verənlərin sənədlərinə qoyulur”.

Nəşr xatırladır ki, bu ilin aprelində Nikol Paşinyanın Moskvaya səfəri zamanı onunla Vladimir Putin arasında “söz dueli” yaşanmışdı. Putin qeyd etmişdi ki, Rusiya yönümlü qüvvələrin seçkilərdə iştirakına şərait yaradılmalıdır. O, ad çəkməmişdi, amma aydın idi ki, Karapetyanı nəzərdə tutur.

Paşinyansa bildirmişdi ki, Ermənistan Konstitusiyası digər ölkələrin vətəndaşlarının parlament seçkilərində iştirakına icazə vermir. Samvel Karapetyan həm Rusiya, həm də Kipr vətəndaşı olduğu bilinən faktdır. O, nəinki seçkilərə qatılmaq, hətta Ermənistanın növbəti baş naziri olmaq niyyətini də bəyan edib. Halbuki ölkə konstitusiyasına əsasən, bu posta iddia etmək hüququ yoxdur.

“Baş nazir Paşinyana qarşı sərt müxalif mövqedə dayanan, Kremlə yaxın olan digər fiqur “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyandır. O da seçkilərə qatılır. Tsarukyanın kifayət qədər qalmaqallı bioqrafiyası var. Keçmişdə milisdə xidmət edib, 1979-cu ildə Rusiyadan olan iki turist qadının qarət olunması və qrup halında zorlanması cinayətinə görə məhkum edilib, Nijni Tagil yaxınlığındakı “Qırmızı ördək” koloniyasında cəza çəkib.

SSRİ dağılandan sonra – Tsarukyan artıq Ermənistanın ən varlı yüz adamından birinə çevriləndə məhkəmə ona bəraət verib. Amma bu şəxsin bioqrafiyasında başqa bir qaranlıq məqam da var. 2004-cü ilin noyabrında həmin vaxt “Haykakan Jamanak” qəzetinin baş redaktoru olan Nikol Paşinyanın “Niva” markalı avtomobili Yerevanın mərkəzində partladılmışdı. Paşinyan sifarişin arxasında Tsarukyanın dayandığını iddia etmişdi, demişdi ki, səbəb onun məqalələrindən biridir. Amma nə onda, nə də sonra bununla bağlı cinayət işi açılmayıb” deyə, məqalədə bildirilir. Onda Paşinyanın yanmış avtomobilin yanında çəkilmiş fotosu da yayımlanıb.

Faktyoxla jurnalistləri bildirirlər ki, “Tsarukyan Moskvadakı yüksək kabinetlərdə tez-tez qonaq olur”. Bundan başqa, onun “Çiçəklənən Ermənistan” partiyası 2019-cu ilin fevral ayında “Vahid Rusiya” partiyasıyla əməkdaşlıq protokolu imzalayıb.

“Yaxın xariclə mədəni əlaqələr üzrə hazırda ləğv edilmiş prezident idarəsinin sızdırılmış sənədlərində Tsarukyanın pasportunun surəti və onun 2017-ci il seçki kampaniyasının maliyyə smetası da saxlanılıb.

Pul Yerevana Köhnə meydandakı xüsusi fonddan göndərilib. Amma, çox güman, “Tsarukyan bloku” üçün ayrılmış o vəsait Prezident Administrasiyasında mənimsənilib. Çünki Tsarukyanın özü seçki kampaniyasını maliyyələşdirmək gücündə idi” deyə, araşdırmaçı jurnalistlər qeyd edirlər.

Yerevandan reaksiyalar

Nikol Paşinyan: “Agentlər, sizi aparmağa gələcəklər”

“Beynəlxalq media konkret sənədlər və sübutlar dərc edib ki, Kaluqalı oliqarx [Samvel Karapetyan], bildiyiniz kimi, FSB-nin gizli agentidir” – Nikol Paşinyan belə deyib.
Baş nazir Karapetyanın Ermənistana guya ölkənin rifahı naminə gəldiyi və bu yöndə fəaliyyət göstərdiyi barədə dediklərini xatırladıb (“Jamnews”).

“Biz beynəlxalq tərəfdaşlarımıza böyük hörmətlə yanaşırıq. Amma agentlərin Ermənistana göndərilməsi və burada yalançı və agent fəaliyyətiylə məşğul olması tərəfdaşlıq münasibətlərinə o qədər də uyğun gəlmir” deyə, o əlavə edib.

Paşinyan vurğulayıb ki, Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası “300 min azərbaycanlının Ermənistana qaytarılması” məsələsini qaldırır. Baş nazir dəfələrlə bəyan edib ki, bu məsələ Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda heç vaxt müzakirə olunmayıb. Ona görə də Paşinyan hesab edir ki, rəqibi xarici təsir agentinə xas davranış nümayiş etdirir.

Baş nazirin qənaəti belədir: əgər Karapetyan agentdirsə, onun yaratdığı “Güclü Ermənistan” partiyası agentura şəbəkəsidir. Paşinyan hesab edir ki, 7 iyun seçkilərində seçicilər qərar verməlidirlər – agentdirlər, yoxsa Ermənistan vətəndaşı? Paşinyan əmindir ki, əksəriyyət vətəndaşlığı seçəcək. Agenturaya üstünlük verənlərə isə o, belə xəbərdarlıq edib: “Agentlər, Ermənistan Respublikası sizi aparmağa gələcək”.

Samvel Karapetyan: “FSB əməkdaşı Paşinyandır”

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yerli telekanallardan birinə müsahibəsində “The Insider”-in məqaləsini belə şərh edib:
“Bu, Paşinyanın işidir [sifarişidir]. Mən pasportu 1999-cu ildə yox, 1993-1994-cü illərdə almışam. Buna görə də şərh edəcək bir şey yoxdur. Əgər ölkəmizdə kiminsə FSB ilə əlaqəsi varsa, o da Nikol Paşinyandır”.

Karapetyan jurnalistlərə “bir sirrin” üstünü açmağa hazır olduğunu bildirib:

“FSB əməkdaşı da, hətta yefreytor olan da Paşinyandır. Gedin, özündən soruşun. Yaxında serjant rütbəsi də alacaq, xidmətdə irəliləyir”.

Siyasi analitik Ovsep Xurşudyan “The İnsider”-in məqaləsinə belə reaksiya verib:
“Ermənistan hakimiyyətinin həyata keçirmədiyi lüstrasiyanı indi Qərb xüsusi xidmət orqanları həyata keçirir – Ermənistanda fəaliyyət göstərən Rusiya agenturası barədə məlumatları sızdırmaqla. Bekə məlum olur ki, kaluqalı oliqarx FSB-nin sıravi donosçusudur. Hesab edirəm ki, onların hamısını arzuolunmaz şəxs elan edib Ermənistandan çıxarmalıdırlar”.

Politoloq Ruben Meqrabyan isə deyir ki, “Rusiyanın Yerevandakı səfirliyinin məqalədə adları çəkilən bütün “diplomatları” persona non-qrata elan edilməli və onlardan 24 saat ərzində ölkəni tərk etmələri tələb olunmalıdır. İş başına!”

“Politfm”