Foto: “veteninfo.az”
“Mayın 6-da Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalının “Zaman göstərər” (“Vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin xəritədə yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır”.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə belə deyib (APA).
O bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və Rusiya Federasiyası da daxil olmaqla, bu reallıq beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.
Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir” deyə, Hacızadə əlavə edib.
“Politfm”



