COP29-UN BEYNƏLXALQ VƏ YERLİ YEKUNLARINA DAİR
COP29 arxada qaldı. Tədbirin ilk günündən Qərb dövlətləri Azərbaycan hökumətinin hədəfində olsa da, Şərqin nəhəngləri də bu tədbirdə yox idi. Necə deyərlər, Bakının başbilənləri bu dəfə də “balans”ı qoruya bilmişdilər. Fransa və ABŞ-ın gəlmədiyi tədbirə, heç Hindistanla Çin də gəlməmişdi. Britaniyanın gəlməyi ilə gəlməməyinin özünü nədə göstərdiyini demək çətindi. Almaniyanın isə “gəlişi” heç də gözəl olmadı. Əlbəttə, tədbirdə gəlişigözəl çıxışlar edildi, amma bu çıxışlar demək olar ki, heç Biləcəriyə də çatmadı. Əksinə, Almaniya XİN başçısının insan haqlarına dair bəyanatı COP-u Qoşulmayanlar Hərakatının tədbiri kimi idarə edən Azərbaycan hökumətinə və onun kənardakı izləyicilərinə soyuq duş effekti yaşatdı. Fransa XİN-in tədbirə gəlmək istədiklərini, amma Bakının ritorikasının buna mane olduğunu açıqlaması aydın göstərdi ki, prosesin boykotuna Azərbaycan hökumətinin özü rəvac verib. Argentinanın danışıqlardan yarımçıq çəkilməsi də güman ki, bu səbəbdən baş verdi. Bir sözlə, İlham Əliyevin təqdim etdiyi kimi kollektiv Qərb deyil, elə Uzaq Şərq də tədbiri boykot etmişdi.
Dünya iqlim dəyişikliyinə biganədirmi?
Yekun razılaşmada hədəflənən 1 triliyon əvəzinə, 300 milyard dolların razılaşdırılmasını hökumətə yaxın media Qərbin iqlimə, yaşıllığa, inkişaf etməkdə olan Afrika və Asiya ölkələrinə xəyanəti kimi təqdim etməkdən çəkinmədi. Xəzərin az qala mazut gölünə çevrilməsində gecə- gündüz çalışan hakimiyyətin dünyanın bir nömrəli “ekoaktivisti”nə çevrilməsi, əlbəttə, kənardan qeyri-ciddi təsir bağışlayır. Amma bu qəzəb təbii idi və arxasında dayanan səbəb başqa idi. Əsl səbəb COP29 bitməmiş Braziliyanın paytaxtında başlayan G-20 lərin sammiti idi. Burada Hindistan kimi nəhəng iqlim məsələlərini müzakirəyə çıxarmışdı. Aydın görünürdü ki, dünya üçün COP29 əsas əhəmiyyətini itirmişdi, çünki daha ciddi formatda bir beynəlxaq tədbir var idi və hər kəs sözünü orada demək üçün saxlamışdı. Qısası, təkcə Qərb yox, İlham Əliyevin üz tutduğu BRİCS-in əsas dövlətləri də COP29-a biganə yanaşdılar.
İnsan haqları necə rol oynadı?
Əlbəttə, Azərbaycan hakimiyyətinin və onun kölgəsindəki medianın Qərbin üstünə daha qəzəblə getməsinin aşkar səbəblərindən biri həm də odur ki, Avropa Birliyi və ABŞ açıq şəkildə COP29-un boykot olunmasında insan haqları məsələsini önə çəkdilər. Bu isə Azərbaycan hökumətinin bütün planlarını pozdu. Belə çıxdı ki, hökumət külli miqdarda vəsait xərcləyib, özünü dünya dövlətlərinin və mediasının qara hədəfinə çevirdi. Təkcə ABŞ və Böyük Britaniyanın əsas media orqanları 10-dan çox redaksiya yazısında və müsahibədə COP29-u hədəf aldı və tədbirin insan haqlarının tam pozulması şəraitində keçdiyini tirajladı. Bu isə özünü dünyaya yaşıl dünyanın qoruyucusu kimi təqdim etməyə çalışan hökumət üçün demək olar ki, fiasko oldu.
COP 29 nəyə nail oldu?
Şübhəsiz, qarşısına qoyduğu hədəf vəsaiti toplaya bilməyən, bunun 30 faizi ilə kifayətlənən beynəlxalq tədbir uğurlu hesab edilə bilməz. Amma onun yaratdığı prosesdə bir sıra aydınlaşdırıcı və mən deyərdim ki, faydalı məqamlar ortaya çıxdı.
Birincisi, məlum oldu ki, BMT artıq bir beynəlxalq təsisat kimi canı ilə də əlləşmir, özündən əlini üzüb. BMT-nin tanımadığı Taliban liderləri baş katib Quterreşlə bir salonda oturmaqla, bu təşkilatın “fatihə”sini vermiş oldular.
İkincisi, dünya birliyi açıq şəkildə insan haqları məsələsində mövqelərinə görə saf-çürük edilmiş oldu. Kimin mövqeyinin nə olduğu ortaya çıxdı. Bununla da bioloji müxtəlifliyin və təmiz çevrənin taleyinə sahib çıxmalı olan beynəlxalq format əsl siyasi radiasiyanın ultrabənövşəyi şüalarını açıq aşkar ortaya qoydu. Yəni COP29 bioloji ekologiya sahəsində irəli bir addım ola bilməsə də, siyasi ekologiya baxımından ciddi bir ayırdedici tədbir oldu.
Seymur Həzi