Ana Səhifə Manşet Əliyevin “armud” oyunu

Əliyevin “armud” oyunu

7

 

2020-ci ilə qədər də eyni ssenari işləyirdi, amma belə asanlıqla yox. Söhbət siyasi rejimin insanları kütləvi şəkildə xain elan etməsindən, korrupsiyada ittiham etməsindən və onların haqqında dəhşətli hökmlər çıxarmasından gedir. Bəli, düz oxudunuz. Nə xəfiyyə güdür, nə polis tutur, nə prokurorluq sanksiya verir, nə də hakim hökm çıxarır. Bunun hamısını edən İlham Əliyevin liderliyindəki siyasi rejimdir.

Ölkənin yarısını İrana, ondan əvvəl ordunun yarısını Ermənistana işləməkdə rahatlıqla ittiham edirlər. Minlərlə insanı həbs edirlər, yüzlərlə insana işgəncə verirlər. İşgəncə zamanı əllərində insanlar ölür, amma sonra təzyiq qarşısında onlara bəraət verirlər. Nə olur? Nə baş prokurordan, nə məhkəmələrdən nə də istintaqın iri rütbəlilərindən soruşmurlar ki, bu nə hoqqadır? Niyə? Çünki belə lazımdır. Kimə lazımdır? İlham Əliyevə.

Min oyunun bir “armudu”.

Bəs maraqlı deyilmi o bu qırğınları niyə edir? O bu repressiyaları niyə edir? Bundan nə qazanır? Görünür ki, burada ciddi bir oyun var. İllərdir İranla qardaş olan İlham Əliyev birdən necə oldu ki, belə anti-İrançı oldu? Bəs, özünün oliqarxiyasının İrandakı biznesi necə oldu? Çıxardılarımı İrandan? Bu barədə bir cümlə xəbər oxuduzmu? Hadisələr elə baş verir ki, sanki söhbət planetlərarası gərginlikdən gedir. Heç kim, heç kimin planetinə ayaq basımır, olur bitir. Heç Şimali Koreya ilə ABŞ bu qədər mənasız savaş etmirlər, onların belə bir- birinə sanksiya hədələri olur. Amma bizdə işlər necə deyərlər, rəvan gedir. Fəqət Əliyevin belə rəvan biznes ortağı ilə arası niyə dəysin? Bir halda ki, Çinlə Əliyevin “fəlsəfəsi eynidir”, bəs, İranla nə məsələdir? Axı Tehran Pekinin bölgədəki ən yaxın və etibarlı müttəfiqidir. Düşündükcə beyin qarışmaya bilmir. Amma burada aydın olan bir sıra məsələlər var ki, hər şeyin üstünə işıq tutur.

Yuxarıda dediyimiz kimi İlham Əliyev bu cür “əməliyyatlar”ı əvvəllər də edirdi, fəqət müharibədən sonra özünə verdiyi “müzəffər” adının və xalqın başının üstündə qaldırdığı “dəmir yumruq” təbliğatının nəticəsində özündə hamını yarğılamaq haqqı görür. Baxmayaraq ki, belə haqlar şəxslərdə deyil, ədalətli və xalqa arxalanan məhkəmələrdə olur. Əliyev isə bundan sui- istifadə edərək hələ ki, ağına- bozuna baxmadan, xoşuna gəlməyənə “xain” deyə bilir. Məsələn, “Zəngəzur” eyforiyası dövründə İlham Əliyevin sadəcə şou etdiyini xalqa çatdıran adamlara qarşı “Xaini tanı” kampaniyası aparılırdı. Özü də dövlətin yüksək təmsilçiləri vasitəsilə. Axırda İlham Əliyev bu şoudan imtina etdi. Nə oldu? Xain oldu? Deməli, bizim dediymiz kimi o belə mövsümi planlar qurur. Məqsədi isə xalqın diqqətini strateji siyasətdən yayındırıb, onu “can hayında” qoymaqdır. Bəli, məhz can hayında. Məsələn, Azərbaycanın son iki ildə bir dəfə də olsun başı belə oyunlardan açılmadı ki, ictimaiyyət İlham Əliyevdən soruşsun:
1. Necə olur ki, heç bir ictimai rəy nəzərə alınmadan biz 20-yanvarda və Xocalıda qırğın törətmiş ordunun varisləriylə müttəfiq oluruq?
2. Necə olur ki, müstəqil Azərbaycan SSR-2 projesi ilə başlayacaq müharibdən iki gün qabaq Putinlə müttəfiq olur?
3. Necə olur ki, Azərbaycan rəhbərliyi hələ bircə dəfə də Rusiyanın düz etmədiyini, qələbənin Ukraynanın tərəfində olmalı olduğunu demir, hər dəfəsində “bilmək olmaz” deyir?
Bütün bunları rahat edə bilmək üçün İlham Əliyev məhz ölkənin daxilini oyunsuz, qalmaqalsız, düşmənsiz qoymur.

Seymur Həzi